Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət üzrə Baş direktorunun müavini Erkan Tarhan "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Erkan bəy, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında əlaqələr təkcə siyasi və iqtisadi deyil, mədəniyyət və incəsənətlə də dərinləşən və möhkəmlənən dostluğun simvoludur. Bu iki ölkə tarixi proses boyu bir-biri ilə əlaqələrini daim möhkəm saxlayıb, onu mədəni irs və ortaq dəyərlərlə möhkəmləndirib. Dil, din, tarix və mədəniyyət baxımından bir çox ortaq cəhətlər iki xalqın qəlbini bir-birinə daha yaxın edir. Bu münasibətin təməlində, heç şübhəsiz, güclü qardaşlıq hissi dayanır.

Bu qardaşlığın möhkəmlənməsində mədəniyyət və incəsənət də mühüm rol oynayıb. Xüsusilə musiqi, ədəbiyyat, rəssamlıq və teatr kimi sahələrdə həyata keçirilən müştərək layihələr iki ölkə xalqları arasında mədəni körpü qurub, keçmişlə gələcəyin əlaqələrini möhkəmləndirib. Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər üzrə Baş direktor müavini kimi bu ilişgilərin möhkəmləndirilməsi istiqamətində atılan hər bir addımda iştirak etməkdən qürur duyuram.

Azərbaycan incəsənət ustalarının iştirakı ilə təşkil olunan sərgilər, teatr tamaşaları, konsertlər və mədəni tədbirlər xalqlar arasında qarşılıqlı sevgi və hörmətin gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verəcək. Azərbaycanın mədəni sərvətləri tarixin hər dövründə türk dünyasının ortaq mirası olub. Türkiyə-Azərbaycan əlaqələri qardaşlığın və ortaq tarixin bədii və mədəni təzahürüdür. Biz bu əlaqələrin daha da möhkəmlənməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.

- Ölkəmiz haqqında təəssüratlarınızı eşitmək istərdik. Azərbaycana sevginizin təməlində nə dayanır?

- Böyük şair Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini dinləyəndə mənə çox güclü təsir bağışladı. Könül candan ayrılarmı?.. Eynən bu misrada deyildiyi kimi, bizim qəlbimiz, xəyalımız, dünyamız birdir. Ona görə də Azərbaycana qarşı həmişə qəlbimdə böyük sevgi olub. Müasir Azərbaycanın qurucu lideri Heydər Əliyevin bu şeiri sevə-sevə və səmimiyyətlə səsləndirməsini də dinləmişəm. Mənim Azərbaycana sevgim qonşu ölkəyə olan maraqdan daha dərin bağdır. Əslində, bu sevgi tarixi-mədəni qardaşlıqdan, dilin, keçmişin və ortaq dəyərlərin paylaşıldığı bir nöqtədən gəlir.

Türkiyə ilə Azərbaycan arasındakı bağ əslində iki ayrı dövlətə bölünmüş bir millət kimidir. Azərbaycan xalqı həmişə bizim əsl qardaşımız olub. Dilimiz, mədəniyyətimiz və tariximiz bir bütövün hissələri kimi formalaşıb. Azərbaycan müstəqilliyini əldə etdiyi gündən türk dünyasının ən yaxın və güclü dostudur. Mən Azərbaycanı təkcə bir ölkə kimi deyil, həm də mədəni və duyğusal dünya kimi sevirəm. Hansı ölkənin mədəniyyətinə daha yaxın hiss edirsinizsə, o ölkə sizin üçün xüsusi olur.

Azərbaycanın təbii gözəllikləri, insanlarının qonaqpərvərliyi və səmimiyyəti, tarixi irsi... Bütün bunlar mənə dərindən təsir edən amillərdir. Azərbaycandakı dostlarım, ümumi mədəniyyət və incəsənət fəaliyyətlərində iştirak etməyim münasibətimi daha da dərinləşdirdi. Həm türk, həm də mədəniyyət adamı kimi mənim Azərbaycana olan sevgim və hörmətim sözlə izah edilə bilməyəcək qədər dərindir. Bu sevgi təkcə fərdi zövq deyil, həm də bir millətin qəlbindən gələn təbii bir bağdır.

- Türkiyə ilə Azərbaycan arasında baş tutan hansı layihələrdə iştirak etmisiniz, həyata keçirmək arzusunda olduğunuz proqramlar varmı?

- Türkiyə Radio və Televiziya Qurumunda işlədiyim müddətdə Türkiyə ilə Azərbaycan arasında mədəniyyət və incəsənət əlaqələrini gücləndirən bir çox layihələrdə iştirak etmək imkanım oldu. Bu proses hər iki ölkə arasında dostluq tellərinin daha da möhkəmlənməsində, ortaq dəyərlərin tanıdılmasında çox mühüm rol oynadı. TRT-də Azərbaycanla bir çox ortaq verilişlərdə iştirak etmişəm. TRT Avaz kanalında işlədiyim müddətdə İctimai televiziya ilə əməkdaşlığımız zamanı aparıcılar Saleh Bağırov və Hüsniyyə Məhərrəmova ilə xoş söhbətləri həsrətlə xatırlayıram.

Bundan əlavə, Novruz bayramında qurduğumuz müştərək əlaqələr, Ankarada Azərbaycandan olan sənətçilərə ev sahibliyi etdiyim xüsusi tədbirlər, aparıcısı olduğum canlı yayımlar həyatımın ən xoşbəxt günləri oldu. Arzuladığım layihələrdən biri də “İki ölkə, bir dünya” adlı sənədli film çəkməkdir. Bu layihə Türkiyə və Azərbaycanın tarixi və mədəni əlaqələrini daha geniş perspektivdən nəzərdən keçirmək məqsədi daşıyır.

Mən hər iki ölkənin müxtəlif coğrafiyalarındakı həyatını, adət-ənənələrini, incəsənətini, mətbəxini və gündəlik həyatını araşdıraraq bu köklü qardaşlıq münasibətini bütün dünyaya tanıtmaq istəyirəm. Bu layihə ilə hər iki xalqın daha yaxından tanınmasına töhfə verməyi hədəfləyirəm. Digər arzum isə, “Azərbaycan-Türkiyə Mədəniyyət Yolları” adlı televiziya proqramıdır. Bu silsilə Azərbaycan və Türkiyənin mədəni sərvətlərini, mədəni irsini və bədii aspektlərini dərindən araşdıracaq. Bu tip layihədə mən təkcə sənəti deyil, həm də mədəniyyətlərarası qarşılıqlı əlaqəni və insanların bir-birinə olan sevgisini vurğulamaq istəyirəm.

- Azərbaycanlı aparıcılarından və sənətçilərindən kimləri tanıyırsınız?

- Azərbaycanın özünə məxsus mədəniyyəti var. Şübhəsiz ki, bu mədəniyyətin daşıyıcıları Azərbaycan sənətçiləridir. Dəyərli aktyorlar Fəxrəddin Manafov, Nurəddin Mehdixanlını, aktrisalardan isə Sənubər İsgəndəlini tanıyıram. Azərbaycanın sevilən müğənniləri olan Aygün Kazımova, Röya Ayxan və Faiq Ağayevin mahnılarını dinləməkdən zövq alıram. Təbii ki, Gülyanaq və Gülyaz Məmmədova bacılarını da unutmadım. Xalq mahnılarınızı elə gözəl oxuyurlar ki, onları dinləmək insana rahatlıq verir.

Azərbaycanın sənət dünyası çox zəngin və istedadlı adlarla doludur. Bunlar bir neçə misaldır, amma Azərbaycan incəsənət aləmində çox dəyərli adlar var. Bu adları tanımaq, birgə layihələr həyata keçirmək mənim üçün böyük xoşbəxtlik və qürur mənbəyidir. Azərbaycan sənətçiləri həqiqətən yaradıcı, səmimi və peşəkar insanlardır. İnanıram ki, sənət adamları arasında səmimi yanaşmalar, birgə layihələr günü-gündən artacaq və hər iki ölkənin mədəniyyətinə dəyər qatacaq.

- Azərbaycan televiziyalarını izləyirsinizmi?

- Azərbaycan və Türk Dünyası ilə bağlı hər bir məsələni izləməyə çalışıram. Türk seriallarına bütün dünyada olduğu kimi qardaş və dostumuz Azərbaycanda da çox baxılır. “Diriliş Ərtoğrul” Azərbaycanın rəsmi dövlət kanalı AzTV-də yayımlanır. Bu yaxınlarda AzTV-də Azərbaycan tarixinin mühüm dövrlərindən biri olan "Atabəylər" bədii-sənədli filmi yayımlandı. Deməliyəm ki, buna çox sevinirəm.

Biz televiziya və rəqəmsal medianın fövqəladə imkanları sayəsində gənclərimizə tariximizi, mədəniyyətimizi izah etməliyik. Çünki dil, tarix və sivilizasiya bizim varlıq səbəbimizdir. Biz öz tariximizi, mədəniyyətimizi yeni nəsillərə düzgün çatdırmalıyıq. Buna misal olaraq, “Atabəylər”, “Diriliş Ərtoğrul” kimi serialları göstərmək olar. Azərbaycan televiziyasında da bəyəndiyim bir neçə serial və səhər proqramları var. "Sabahın xeyir, Azərbaycan" və "Telesəhər" adlı səhər proqramları xoşuma gəlir.

- Erkan bəy, neçə ildir televiziya sahəsində çalışırsınız?

- Türkiyə Böyük Millət Məclisində (TBMM) TRT Parlament xəbərləri departamentinin rəhbəri, aparıcısı kimi çalışmışam. İllərdir başda Prezident Administrasiyası, Türkiyə Böyük Millət Məclisi olmaqla bütün nazirliklərin, ictimai qurum və təşkilatların protokol təqdimatlarını edirəm. Bu bürokratik vəzifədən sonra ABŞ-də TRT-nin Vaşinqton bürosunda proqram prodüseri, müxbir və aparıcı olmuşam. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət üzrə Baş direktorunun müavini vəzifəsinə təyin olundum. Hazırda 50 ildir fəaliyyət göstərən Radio və Televiziya Jurnalistləri Cəmiyyətinin prezidenti kimi vəzifəmi davam etdirirəm.

Türkiyə Böyük Millət Məclisi Qanunvericilik Dərnəyi, Parlament Müxbirləri Dərnəyi, Ankara Klubu, TEMA Vəqfi, Türk Qızıl Aypara Dərnəyi, Beynəlxalq Onurğa İflicləri Dərnəyinin üzvü və Ankara Məclisinin Qurucu Şurasının üzvüyəm. Ailəliyəm, bir övladım var.

- Türkiyə Böyük Millət Məclisində (TBMM) TRT Parlament xəbərləri departamentinin rəhbəri vəzifəsində çalışdığınızı vurğuladınız. Bu illəri necə xatırlayırsınız?

- Bəli, TRT-nin Türkiyə Böyük Millət Məclisində (TBMM) Parlament xəbərləri departamentinin rəhbəri vəzifəsində çalışmaq karyeramdakı ən dəyərli və mənalı təcrübələrdən biri oldu. Türkiyə Böyük Millət Məclisindəki vəzifəm təkcə xəbər verməklə, proqramlar hazırlamaqla məhdudlaşmırdı. Eyni zamanda, ölkənin siyasi gündəmini real vaxt rejimində izləmək, bütün hadisələri dəqiqliklə çatdırmaq və bu prosesdə hər zaman qərəzsizliyi ön planda tutmaq böyük məsuliyyət tələb edirdi.

Parlamentin gündəliyindən sonra qanunvericilik fəaliyyəti, parlamentin iclaslarını izləmək və konstitusiya proseslərini ictimaiyyətə dəqiq şəkildə çatdırmaq bizim əsas vəzifəmiz idi. Həmin müddətdə deputatların, siyasi liderlərin, nazirlərin işini yaxından izləmək imkanım oldu. Türkiyənin bəzi tarixi məqamlarında mühüm qanunların qəbulu, böhranlı zamanlarda verdiyi bəyanatlar, mühüm liderlərin çıxışlarını izləmək və canlı yayımlamaq həqiqətən unudulmaz təcrübə idi və orada işləmək mənim üçün böyük şərəf idi.

- TRT-nin Vaşinqton Bürosunda çalışarkən TRT-də yayımlanan “Nəzər nöqtəsi” və “Həyatın içindən” verilişlərinin Amerikada çəkilən bölümlərinin aparıcısı olmusunuz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sizə “Media Oskar Xüsusi Mükafatı”nı təqdim etdi. Bu necə hissdir və xarici ölkələrdəki təcrübənizi qısaca bölüşə bilərsinizmi?

- TRT Vaşinqton Bürosunda işləmək mənim həyatımda həqiqətən mühüm dönüş nöqtəsi oldu. Bu, həm jurnalist, həm də yayımçı kimi Amerikanın media dünyasını, siyasətini və mədəniyyətini yerində müşahidə etmək üçün əla fürsət idi. Amerikanın mərkəzində, Vaşinqtonda olmaq və Türkiyənin səsinin orada daha güclü şəkildə duyulması üçün çalışmaq mənim üçün çox vacib idi.

Bu prosesdə “Nəzər nöqtəsi” və “Həyatın içindən” adlı verilişlərin Amerikada çəkilən hissələrinin aparıcısı olmaq, Amerikada baş verən prosesləri Türkiyə ictimaiyyətinə çatdırmaq mənim üçün qürurverici idi. “Amerikada bir Türk” adlı veriliş mənim üçün daha xüsusi layihə idi. Həm Amerikadakı türk toplumunun həyatını, həm də burada türk mədəniyyətinin necə təmsil olunduğunu izah etməyə çalışdım.

Proqramda xüsusilə Türkiyə-Amerika münasibətlərinə, Türkiyənin beynəlxalq siyasətinə, mədəniyyətlərarası qarşılıqlı fəaliyyətə, bizi biz edən mənəvi dəyərlərə toxundum. Bu proqram iki ölkə arasında dostluq və əməkdaşlığın daha qabarıq görünməsi üçün mühüm platforma oldu. Və təbii ki, 2018-ci ildə bu proqrama görə “Media Oskar Xüsusi Mükafatı”nı almaq mənim üçün çox önəmliydi. Bu mükafat təkcə fərdi nailiyyət deyil, həm də Türkiyənin beynəlxalq arenada güclü media varlığının və nüfuzunun göstəricisi idi. Bu mükafatı prezidentimiz Rəcəb Tayyib Ərdoğandan almaq Türkiyə media ictimaiyyəti üçün böyük qürur mənbəyi oldu. Eyni zamanda, dövlətin Türkiyənin səsinin dünyaya səslənməsinə verdiyim töhfələri yüksək qiymətləndirməsi çox xüsusi hissdir.

Xaricdəki təcrübəm mədəni fərqlilikləri anlamaq, fərqli baxışlara hörmət etmək və Türkiyənin səsini daha təsirli şəkildə eşitdirmək baxımından çox ibrətamiz oldu. Bu proses media və mədəni diplomatiya baxımından çox dəyərli idi.

- Türkiyənin Radio və Televiziya Jurnalistləri Birliyinin sədrisiniz. Xarici ölkələdəki təcürbənizi nəzərə alaraq ölkələrimiz əleyhinə aparılan təbliğatın qarşısını necə ala bilərik? Türkiyəli və azərbaycanlı jurnalistlər bunun üçün nə etməlidirlər?

- Türkiyə və Azərbaycan qardaş və müttəfiq olan iki müstəqil dövlətlərdir. Biz eyni millətin övladlarıyıq və əleyhimizə təbliğat kampaniyalarına məruz qalırıq. Bu haqsız və əsassız ittihamların, ölkələrimiz əleyhinə təbliğatın tarixi kökləri var. Türk milləti tarix boyu haqsızlıq, ədalətsizlik etməyib. Müharibədə belə ədalətli mövqeyindən dönməyib. Bütün dünya bunu Azərbaycanın İkinci Qarabağ müharibəsində gördü. Azərbaycan işğal altında olan torpaqlarını azad edərkən heç bir dinc əhaliyə, günahsızlara, qadınlara, uşaqlara, qocalara zərər vermədi. Bu, türk adəti və mərhəmət sahibi bir mədəniyyətin övladlarının nəcib davranışıdır.

Sualınıza qısaca cavab vermək üçün deyim ki, Türkiyə və Azərbaycan jurnalistləri xüsusilə rəqəmsal mediada birgə fəaliyyət göstərməli, insani və vicdanlı dəyərlərimizi önə çıxararaq yüksək təbliğat aparmalıdırlar. Özümüzü anlatmaq və təqdim etmək lazımdır! Mədəniyyətimiz, mahnılarımız, poeziyamız, hekayələrimiz gözəl sənətin və gözəl duyğunun məhsuludur. Odur ki, türk-Azərbaycan jurnalistlərinin, xüsusən də mədəniyyət jurnalistlərinin öz mədəniyyət incəliklərini açıqlaması, şübhəsiz ki, dünyada müsbət qavrayışa səbəb olacaq.

Jurnalistlər arasında əlaqənin olması çox vacibdir. Bir türk və azərbaycanlı jurnalistin şəxsi dostluğu iki ölkə arasında qurula biləcək möhkəm mədəniyyət və ünsiyyət körpüsüdür. Mədəniyyətimizdən, tarixi bağlarımızdan, xalqların qardaşlığından, uğur hekayələrimizdən bəhs edən layihələr etməliyik. Bu layihələr təkcə Türkiyə və Azərbaycan xalqı üçün deyil, həm də bütün dünyaya özümüzü göstərmək baxımından çox dəyərli olacaq.

Bundan əlavə, iki ölkənin media təhsili və jurnalistika standartlarının beynəlxalq səviyyədə təbliği bizə dünya mediasında daha hörmətli yer qazanmağa imkan verəcək. Nəhayət, jurnalistikanın etik qaydalarına riayət etmək, azad, müstəqil və düzgün jurnalistikanı hər şəraitdə müdafiə etmək və saxlamaq bütün bu çətinliklərin öhdəsindən gəlməyin ən güclü yoludur. Türkiyə və Azərbaycan mediasının gücü düzgün və qərəzsiz xəbər təqdim etməkdən keçir.

- Türkiyəli və Azərbaycanın media nümayəndələrinin ortaq layihələr etməsi barədə nə düşünürsünüz?

- Türkiyə və Azərbaycan jurnalistlərinin birgə proqramlar çərçivəsində bir araya gəlməsi həqiqətən də böyük potensiala malikdir və mən bu məsələyə çox böyük əhəmiyyət verirəm. İnanıram ki, bu əməkdaşlığın strateji “Rabitə və Media” kanallarının gücləndirilməsində böyük faydası olacaq.

Hesab edirəm ki, “Mədəniyyət, İncəsənət və Diplomatik proqramları” kimi birgə layihələr həyata keçirilməlidir. “Qardaş xalqlar, ortaq yollar” adlı layihəni həyata keçirmək istəyirəm. Türkiyə və Azərbaycan mediası bir platformada bir araya gələrək ölkələrimizin mədəni, iqtisadi və siyasi əlaqələrini daha da gücləndirəcək. İki ölkənin fərqli şəhərləri, fərqli mədəniyyətləri, ticarət və sosial həyatı, tarixi irsi “Qardaş xalqlar, ortaq yollar” proqramında izah olunsa, çox yaxşı olar. Proqram Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq və qardaşlığı bütün dünyaya izah edəcək. Hər iki ölkənin jurnalistləri, sənədli filmləri və mədəniyyət xadimləri ortaq dildən istifadə edərək ikitərəfli əlaqələrin dərinliyini və gücünü göstərməyə çalışacaqlar.

- Necə düşünürsünüz, Türkiyə və Azərbaycan sənətçilərinin ortaq proqramların xüsusi missiyası olmalıdrmı?

- Mədəni diplomatiya vasitəsilə Türkiyə və Azərbaycan özlərini düzgün kanallarla ifadə etməyi bacarmalı və müsbət təsəvvür yaratmalıdırlar. Bu, təbii ki, zəngin və sayılıb-seçilən sənətimizi dünyaya tanıtmaqla, sənətkarlarımızın dünyada tanınması ilə və onların quracaqları şəxsi dostluqlarla mümkün olacaq. Unutmaq olmaz ki, sənət adamlarının, alimlərin qurduğu dostluqlar problemləri və böhranları asan həll etmək imkanı verir. Türkiyə Azərbaycanda və Azərbaycanda Türkiyənin müxtəlif şəhərlərində qarşılıqlı konsertlər, kinoteatrlar, sərgilər, moda, təsviri sənətlər və festivallar təşkil etsə, saysız-hesabsız faydalar olacaq. Üstəlik, türk sənətçiləri Bakıda, azərbaycanlı sənətçilər isə bir çox şəhərlərimizdə, xüsusən İstanbulda konsertlər verirlər. Bununla belə, elə bir şəbəkə yaratmalıyıq ki, sənətkarlarımız bir-birini tanısınlar, dost olsunlar, əlaqə saxlasınlar.

Məncə, Ajda Pekkanla Aygün Kazımova tanışdırlar. Bizim sənətçilərimizin bu kimi şəxsi dostluqları artıraraq ölkələrimizdə proqramlar hazırlamasına çox ehtiyacımız var. Çünki ilk növbədə iki qardaş ölkə bir-birini çox yaxşı tanımalı və başa düşməlidir. Qarşılıqlı “Mədəniyyət ili” elan oluna bilər, təbii ki, belə tədbirləri hərtərəfli planlaşdırmaq lazımdır. Türkiyə-Azərbaycan "Mədəniyyət İli" dövründə mədəniyyətimizi əks etdirən çoxlu proqramlar təşkil edilə və sənətçilərimiz öz əsərlərini təqdim edə bilərlər. Bu kimi layihələr sosial və iqtisadi sahədə çox faydalı olar.

İki böyük qardaş və müttəfiq ölkə olaraq beynəlxalq arenada böyük mədəni proqramlar təşkil etməliyik. Çünki bizim mədəniyyətimiz, dilimiz, dinimiz, tariximiz eynidir. Bizim ümumi dəyərlərimiz var. Dədə Qorqud, Nəsrəddin Hoca, Füzuli, Nəsimi, Koroğlu kimi böyük qəhrəmanlarımızı rəqəmsal mediada və beynəlxalq arenada ortaq layihələr vasitəsi ilə təqdim etməliyik. Bu kimi proqramlar hər iki ölkənin beynəlxalq mədəni diplomatiya strategiyalarına mühüm töhfələr verir.

- Qarabağa getmisinizmi? Maraqlıdır ki, türk sənətçiləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın təbliğində hansı rolu oynaya bilər?

- Təəssüf ki, “Qarabağ”ı görmək imkanım olmadı. Qarabağ Azərbaycandır! Azərbaycan mədəniyyətinin beşiyi Şuşadır. Böyük sənətkarlarınızın çoxu Şuşalıdır. Şərqin ilk operasının, “Leyli və Məcnun”un müəllifi Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Bülbül şuşalıdır. Bu adlar təkcə Azərbaycanın deyil, dünyanın ən önəmli sənətkarları sırasındadırlar. Mən ilk fürsətdə Şuşanı görmək, Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin yaşadığı diyara baş çəkmək, muzeylərini gəzmək istəyirəm.

“Şuşanın dağları” mahnısına hər dəfə dinləyəndə özümü Şuşada xəyal edirəm. Düşünürəm ki, kino sahəsində ortaq layihələrimiz Şuşanın təbliğinə böyük töhfə verəcək. Fikrimcə, yazıçılarımızın, şairlərimizin Şuşaya ziyarəti onları daha da ruhlandıracaq, bu haqda əsərlər yazacaqlar. Unutmayaq ki, qalıcı əsərlər yaradan, tarixi formalaşdıran həmişə sənətkarlardır.

- Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Bu bəyannaməyə əsasən ölkələrimizin strateji müttəfiqlik və qardaşlıq əlaqələrini daha da gücləndirmək üçün nə kimi layihələr həyata keçirilməlidir?

- Prezidentlərimiz bu miqyasda böyük və strateji saziş imzaladıqları üçün müqavilənin maddələrinə uyğun işləmək bizim borcumuzdur. Həm də vaxt itirmədən! Şuşa Bəyannaməsində bizim payımız mədəniyyətdir.

Bildiyiniz kimi, bizim “Qarışıq mədəniyyət görüşlərimiz” də qarşılıqlı şəkildə keçirilir. Son iclası nazir müavinlərimiz Dr. Batuhan Mumcu və cənab Fərid Cəfərovun sədrliyi ilə Bakıda keçirilib. Bütün bunlar Şuşa Bəyannaməsi əsasında həyata keçirilir və ölkələrimizin mədəni təbliği və mədəni diplomatiyasına töhfə verir. Şuşa Bəyannaməsinə görə, beynəlxalq aləmdə birgə proqramların keçirilməsinin, beynəlxalq ictimaiyyətin diqqətinin mədəniyyət sahəsinə yönəldilməsinin saysız-hesabsız faydaları var. Bunun üçün dünyadakı türk və azərbaycanlı sənətçilərimizin təcrübəsi bizə güc verir.

- Türkiyənin Azərbaycana təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün artıq fəaliyyətə başladı. Bu haqda nə deyə bilərsiniz? Birol Akgündən iki qardaş ölkə adına gözləntiləriniz nələrdir?

- Cənab Birol Akgünün Türkiyənin Azərbaycana səfir təyin edilməsi mühüm hadisədir. Türkiyə-Azərbaycan münasibətlərinin artıq möhkəm təməlləri var, lakin Birol Akgünün hərtərəfli və təcrübəli bir şəxsin bu vəzifəyə təyin olunması iki ölkə arasında diplomatik əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

Mən ürəkdən inanıram ki, Birol bəyin akademik təcrübəsi və Maarif Vəqfinin rəhbəri kimi təcrübələri mədəniyyət və təhsil sahələrində gözəl layihələrə yol açacaq. Bundan əlavə, Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələr hörmətli səfirimizin sayəsində dərinləşdikcə, xüsusilə də gənc nəslin təhsili ilə bağlı mühüm birgə addımların atılması qaçılmazdır.

Birol Akgünün doktorluq dissertasiyası zamanı onun tələbəsi olmaqdan böyük məmnunluq hissi keçirdim. Onun dəyərli akademik olması və biliyə dərin marağı gəncələrə işıq olacaq. Bu təcrübə onun diplomatik sahədəki uğurlarını da gücləndirəcək, çünki düşünürəm ki, səfir olmaq təkcə diplomatik münasibətləri idarə etmək deyil, həm də mədəni və təhsil körpüləri qurmaq deməkdir. Bu münasibətlə ona ən səmimi sevgi və hörmətimi bildirirəm.