BAKI, 24 may. TELEQRAF
"Bu uğurumun arxasında böyük cəsarətim və özünəinamım dayanır".
Teleqraf xəbər verir ki, bunu 78-ci Kann Film Festivalına qatılan Xalq artisti Röya Ayxan deyib.
O bildirib ki, bu tədbirə dəvət aldıqda tərəddüd etmədən razılaşıb: “Düşünürəm ki, məni zirvələrə ucaldan əsas məqam olduğum mövqeyimlə heç zaman kifayətlənməməyimdir".
Xalq artisti festivalda özünü rahat hiss etdiyini söyləyib: "Burada qəti həyəcan keçirmədim, özümü Azərbaycanda olduğum kimi hiss etdim. Qırmızı xalıdan keçəndə ətrafımdakı hər kəsin-fotoqrafların, videoqrafların belə özümüzünkülər olduğu kimi davrandım. Bu festival mənə yüksək enerji bəxş etdi. Və sizə söz verirəm hər il canımız sağ olsun, ölkəmizdə sülh əmin amanlıq olsun bu cür böyük, beynəlxalq tədbirlərdə tez-tez görüşəcəyik. O gün olsun sizin üçün ingiliscə oxuyum, ağladım sizi".
Qeyd edək ki, R.Ayxanın Kann Film Festivalında iştirakı müxtəlif müzakirələrə səbəb olub.
“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib: “Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev isə deyib ki, sözügedən tədbirə layiq olmayan insanlar gedir. “Röyanı da aparıblar? Neçə ildir, festivallara bir rejissor, operator, aktyor və ya aktrisa göndərmirlər. Artıq neçənci dəfədir, belə hal təkrarlanır”.