Bu gün əməkdar artist Elza Seyidcahan “ilin şairəsi” adına layiq görülməsi ilə bağlı mətbuat konfransı keçirib.

Teleqraf.com-un xəbərinə görə, konfransda müğənniyə “Fəxri media mükafatı” da təqdim edilib. O bildirib ki, ona verilən “ilin şairəsi” adı və “Fəxri media mükafatı” media qurumları arasında keçirilən sorğu nəticəsində bəlli olub.

Əməkdar artist uzun zamandır müzakirə mövzusuna çevrilən şeir yaradıcılığından danışaraq bildirib ki, şeirlərini çoxları öz adlarına çıxarır: “Çoxları mənim şeirlərimi öz adlarına çıxarır. Bu gün sizləri buraya ona görə çağırmışam ki, mənə məxsus olan şeirlərimi görəsiniz. Uşaq yaşlarımdan şeirlər yazırdım, amma onları gizlədirdim. Əslində mən şairə olmaq arzusunda olmamışam. Çünki şairə xanımlar adətən dərdli, bədbəxt olurlar. İstəməmişəm mən də belə olum. Amma bəzən elə əhval- ruhiyyədə oluram ki, dərdlərimi şeirlə ifadə etmək fikrinə düşürəm”.

E.Seyidcahan öz şeirlərinə yazılan mahnılardan da danışıb. Onun sözlərinə görə, artıq bir mahnı hazırdır və müğənni Elton Hüseynəliyev tərəfindən ifa olunub: “Qarşıda bir neçə müğənniyə də mahnı verəcəm. Hətta Polad Bülbüloğluya da mahnı vermək istəyirəm”.

Ən çox klassik şairləri sevdiyini deyən Elza yaradıcılığında da klassik stili qorumağa üstünlük verir: “Mən demirəm ki, böyük şairəyəm. Amma səmimi duyğularımı kağız üzərinə köçürürəm. Şeirlərimi sevənlər də çoxdur. Çox adam mənə zəng vurub deyir ki, sanki mənim hisslərimi kağıza köçürürsən...”

Mətbuat konfransında Elzanın qızının nişanlısı fotoqraf Elxan da iştirak edib. Elza onu da bildirib ki, Elxan bundan sonra onun köməkçisi kimi fəaliyyət göstərəcək.

Sonda mətbuat konfransında iştirak edən keçmiş müğənni Zahidə Məmmədsalahova Elzaya qızıl saat bağışlayıb.

Nərmin

Fotolar Elçin Murad