BAKI, 13 oktyabr. TELEQRAF
Hazırda gündəmdə olan ən vacib məsələlərdən biri məktəblərdə, təhsilalanların və təhsilverənlərin vahid geyimi ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərar və onun icrası məsələsidir.
Bunu Teleqraf-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə doktoru Rəşad Əsgərov deyib.
O bildirib ki, məktəblərdə həm şagirdlər, həm də müəllimlər bəzi hallarda təhsil mühitinin xüsusiyyətlərinə uyğun olmayan geyimlərdən istifadə edirlər.
“Buna açıq-saçıq tərzi, müxtəlif təbəqələrin sosial-maddi vəziyyətindən asılı olaraq geyimlər arasındakı fərqləri və brend markaları nümunə göstərmək olar. Bu hal, istər-istəməz, uşaqlar arasında qütbləşməyə, eləcə də utancaqlıq hissinin yaranmasına səbəb olur.
Eyni zamanda müəllimlər də standart formadan kənara çıxaraq dəbli və ya gündəmdə olan geyimlərə üstünlük verirlər ki, bu da onlar arasında müəyyən fərqliliklər yaradır. Vahid geyimin tətbiqi həm təhsilalanlar, həm də təhsilverənlər arasında harmoniya yaradaraq sosial bərabərsizliyin və ayrı-seçkiliyin aradan qalxmasına kömək edir”, - fəlsəfə doktoru qeyd edib.
Onun sözlərinə görə, azyaşlı uşaqların məktəbdə müxtəlif vasitələrdən, eləcə də hicabdan, baş örtüyündən istifadə etməsi məsələsi də gündəmdədir:
“Azərbaycanda insan hüquq və azadlıqlarına xüsusi önəm verilir və heç kəsin hüquq və azadlıqları pozulmur. Lakin azyaşlı uşaqların dini-mənəvi dəyərləri hələ tam dərk etmədən, 5-7 yaşlarında başlarını bağlaması, hicab örtməsi, bəzi hallarda isə bütünlüklə bürünərək yalnız gözlərinin görünməsi həmyaşıdları arasında fərqli reaksiyalara səbəb olur. Bu uşaqlar dini mahiyyəti dərk etmədikləri üçün kor-koranə bu prosesə qoşulurlar.
Digər tərəfdən şagirdlərin və müəllimlərin məktəbdə zinət əşyalarından, müxtəlif kosmetik vasitələrdən istifadə etməsi, dırnaq uzatması və digər bu kimi hallar yolverilməzdir. Çünki bu, tədris prosesində diqqətlərinin yayınmasına gətirib çıxarır. Təhsilin başlıca vəzifəsi orta ümumtəhsil məktəblərində şəxsiyyət hazırlamaq və bilik və bacarıqları mənimsətməkdir. Təhsil mühitindən kənara çıxan digər hallara meyl edilməsi isə davranışlarda və münasibətlərdə qütbləşmə yaradır.
Buna görə də məktəblərdə vahid sistemin tətbiq olunması və bu qaydalara hamılıqla əmək edilməsi geyimlə bağlı problemləri kökündən həll edəcək. Nəticədə məktəblərdə sekulyar, yəni dünyəvi təhsilin tələblərinə uyğun təhsil prosesi həyata keçiriləcək".
R. Əsgərov vurğulayıb ki, uşaqların dini təfəkkürünün və şüurunun inkişafı üçün müəyyən yaş həddi mütləqdir:
“Orta məktəblərdə din dərsləri ayrıca keçirilməsə də, bu mövzulara humanitar elmlərin tərkibində toxunulur.
Uşaqlar 14-15 yaşlarına çatdıqdan sonra əqidə, inam, müxtəlif dinlərə münasibət və dini dünyagörüşü ilə bağlı anlayışları tam qavraya bilirlər. Bu savadlılıq təhsil prosesində onların bilik səviyyəsinin artmasına müsbət təsir göstərir. Dini dünyagörüşü formalaşdıqca insanlar kor-koranə şəkildə kimisə təqlid etməkdən uzaqlaşırlar.
Hicab bağlamaq və ya başıbağlı gəzmək istəyən uşaqlar bunu məktəbdən kənarda, ibadət yerlərində və ya yetkinlik yaşına çatdıqdan sonra sərbəst şəkildə edə bilərlər. İctimai həyatda və müxtəlif müəssisələrdə hicabdan istifadəyə heç bir məhdudiyyət yoxdur və bu məsələdə istər təhsilalanları, istərsə də təhsilverənləri kimsə qınaya bilməz.
Dini savadlılıq artdıqca insanlar hansı mühitdə necə davranmalı olduqlarını daha yaxşı dərk edirlər. Çünki dini şüur birdən-birə formalaşmır; bu, dünyəvi təhsil prosesində müxtəlif dinlər, ölkələrin tarixi və mədəniyyəti haqqında geniş məlumatlar əldə edildikdən sonra özünü göstərir".