BAKI, 13 oktyabr. TELEQRAF

Ölkəmizdə dövlət məktəblərində vahid geyimlə bağlı verilən hazırkı qərar bütövlükdə dünyəvi dövlətin maraqlarına həm konstitusional olaraq xidmət edir, həm də "Təhsil haqqında" qanunun tələblərinə tam uyğunluq təşkil edir.

Bunu Teleqraf-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

O bildirib ki, dünyəvilik yalnız müasir və gələcəyə yol açan yeni biliklərin əldə edilməsi ilə bitmir.

Sosioloqun sözlərinə görə, dünyəvilik həm də yeni həyat tərzinin yaxşı tərəflərinin mənimsənilməsindən keçir:

“Müasir həyat tərzi özündə geyimin vahidliyini də əks etdirir. Təhsil müəssisəsində vahid geyimin olması şagirdlər, yeniyetmələr arasında sağlam rəqabətin yaranmasına, ünsiyyətin daha möhkəm, dayanıqlı olmasına kömək edir. Dünyəvi təhsil alırsansa, forma və məzmun bir-birini tamamlamalıdır. Çünki forma məzmunu doğurduğu kimi məzmun da formanı şərtləndirir.

Bir çox hallarda 1-5-ci siniflərdə oxuyan azyaşlı qızların məktəbə müxtəlif hicablarda və geyimlərdə getdiklərini görürük. Uşaqların yaradıcılıq imkanlarının, potensialının, xüsusən də dünyagörüşündə ortaya çıxacaq fitri istedadının formalaşacağı bir yaş dövründə onları çərçivəyə salmaq olmaz. Bu tendensiya onların gələcəkdə sosiallaşma prosesinə mane olur və yaradıcı potensiallarının üzə çıxmasını ləngidir.

Uşaq yetkinlik yaşına çatdıqda öz geyimi ilə bağlı qərarı özü verməlidir. Hicab dini bir geyim formasıdır. Azyaşlı məktəblini ailə institutunun təsiri ilə məktəblə valideyn arasında seçim qarşısında qoymaq olmaz. Bu, qətiyyən yolverilməzdir”.

O vurğulayıb ki, hər bir ölkənin öz təhsil qanunu və özünəməxsus tədris metodikası var:

“Eyni zamanda hər bir dövlətin şagird və tələbə geyimləri ilə bağlı müxtəlif yanaşmaları mövcuddur. Bu baxımdan, hər bir ölkə öz cəmiyyətinin sosial strukturunda gedən prosesləri, pozitiv və neqativ meylləri araşdıraraq tələb və ehtiyaclara uyğun qərarlar qəbul edir. Bu, müstəqil dövlətin əsas prioritetlərindəndir. Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı təhsilin dünyəviliyini qorumağa xidmət edir, həmçinin prosesin məzmun və forma etibarilə vəhdətini təmin edir".