BAKI, 13 oktyabr. TELEQRAF
“Məktəbin təlim-tərbiyə prosesində uşaqların hər hansı yad ideologiya və ya uşaqlar üçün xarakterik olmayan ideologiya ilə yüklənməsinə, zərərli təsirlərə məruz qalmasına yol verilməməlidir”.
Bu sözləri Teleqraf-a açıqlamasında Vətəndaşların Əmək Hüququnun Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O vurğulayıb ki, sekulyar dövlətin prinsiplərə uyğun olaraq, məktəb dünyəvi olmalıdır:
“Hər hansı bir dinə üstünlük verilməməli, ümumiyyətlə, məktəbdə din olmamalıdır. Din məktəbdən kənarda, məsciddədir, kilsədədir, sinaqoqdadır.
İxtisaslaşmış məktəblər, mədrəsələr də ola bilər və s. Ancaq Azərbaycanda məktəb dünyəvi xarakter daşıyır və bununla da hər şey deyilib. O ki qaldı vicdan azadlığının pozulmasına, əlbəttə, uşaqların vicdan azadlığı hüququ var, amma bu, onların azad seçimi əsasında olmalıdır. Burada nə valideyn müdaxiləsi olmalıdır, nə də məktəb müdaxilə etməlidir. Valideyn uşağa mülkiyyət kimi baxmamalıdır.
Uşaq özü yetkinlik yaşına çatanda müəyyənləşdirə bilər ki, hansı əqidənin daşıyıcısı olacaq, hansı dinə etiqad edəcək və ya heç bir dinə etiqad etməyəcək. Ona görə də hələ ki, uşaqlar tədrisə yönəlməlidir. Əsas qayə tədris olmalıdır və onların ləyaqətli Azərbaycan övladları kimi yetişməsidir. Böyüyəcəklər, seçim etmək imkanları olacaq və o zaman seçim də edərlər”.
Sahib Məmmədov hesab edir ki, məktəbə xarici təsir həmişə olub və bu, yalnız bir ölkə ilə məhdudlaşmır:
“ABŞ-nin Dini Azadlıqlar üzrə Komissiyası var. Onun Azərbaycanda Milli Demokratiya Dəstək Fondunun bir neçə gizli layihəsi olub və onların bəzisi məktəblərdə dinin tədrisinə yönələn layihələr idi.
Eyni zamanda, başqa dövlətlər tərəfindən məktəblərdə dini təbliğat aparmaq üçün müəllimlər hazırlanıb”.