TBİLİSİ, 15 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 26,8 milyon ABŞ dolları köçürülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatından məlum olub.

Ötən ilin eyni dövrünə nisbətdə pul köçürmələrinin həcmi 6,6% azalıb.

İlk səkkiz ayda Gürcüstandan Azərbaycana isə 39,9 milyon ABŞ dolları məbləğində pul köçürümələri həyata keçirilib ki, bu da illik müqayisədə 34% çoxdur.

Təkcə avqust ayında Azərbaycandan Gürcüstana 3,13 milyon ABŞ dolları, əks istiqamətdə isə 6,11 milyon ABŞ dolları pul göndərilib. Ötən ay Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 0,97% təşkil edib.

Hesabat ayında Gürcüstana xarici ölkələrdən 321,55 milyon ABŞ dolları göndərilib. Qonşu ölkədən xaricə isə 35,7 milyon ABŞ dolları köçürülüb.