BAKI, 24 noyabr. TELEQRAF

“Azərbaycan çempionatının səviyyəsi yüksəlib. Hazırda “Neftçi”nin, “Sabah” və “Qarabağ”ın yaxşı kollektivləri var. Digər komandalarda da xaricdən gələn çoxlu yeni futbolçu var. Düşünürəm ki, Premyer Liqa addım-addım inkişaf edir”.

Bunu Teleqraf-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade deyib.

Kabo-Verdedən olan 33 yaşlı yarımmüdafiəçi əvvəlcə Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçı şərh edib. O, komandanın uğursuz nəticələrindən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasından danışıb:

“Düşünürəm ki, “Neftçi”nin yaxşı komandası var. Yaxşı futbolçuları, həmçinin yaxşı oyun sistemi var. Bizim üçün isə vəziyyət çətindir. Bunu hamı bilir, biz də anlayırıq. Düşünürəm ki, bu vəziyyətdən çıxmaq üçün bir oyunda qalib gəlməliyik. Çətin bir dövr keçiririk. Hamı da görür ki, turnir cədvəlində sonuncu yerdəyik. Təbii ki, vəziyyət heç də asan deyil. İndi hamımız bu barədə düşünməli və vəziyyətdən mümkün qədər tez çıxmağa çalışmalıyıq”.

Andrade komandadan ayrılmağı düşünmədiyini bildirib:

“Mövsümün sonuna qədər müqaviləm var. Burada qalmağı xoşlayıram. Bu komandanı, buradakı insanları və əməkdaşları sevirəm. Yaxşı dostlarım var. Düşünürəm ki, bu barədə danışmaq üçün hələ tezdir”.

Uzun illər “Qarabağ”ın heyətində çıxış edərək avrokubok təcrübəsi qazanan Andrade “Sabah”ın “Barselona” ilə keçirəcəyi oyunla bağlı gözləntilərini bölüşüb. O, qarşılaşmanı stadiondan izləmək istədiyini də bildirib:

“Bilirik ki, bu, çətin oyun olacaq. Bəzən kiçik komandaların da böyük uğurlar qazandığını görürük. “Sabah”a uğurlar arzulayıram. Onların da yaxşı komandası var. Futbolda hər şey mümkündür, meydanda 11 futbolçuya qarşı 11 futbolçu mübarizə aparır. Təbii ki, “Barselona”ya qarşı oynamaq onlar üçün çətin olacaq.

“Sabah”ın yaxşı oyunçuları var. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirə bilərlər. Oyunu stadiondan canlı izləməyi düşünürəm”.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda saat 21:45-də başlayacaq.