BAKI, 24 noyabr. TELEQRAF

Zaqatalada Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən gürcüdilli məktəb və bölmələrində çalışan 100 müəllim üçün təlim keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

İştirakçılar üç gün ərzində gürcü dili və ədəbiyyatının tədrisinə müasir yanaşmalar, tədris və öyrənmə prosesində rəqəmsal texnologiyalardan istifadə, tədris və qiymətləndirməyə müasir yanaşmalar, eləcə də sinfin idarə edilməsi mövzularını əhatə edən dörd modul üzrə nəzəri və praktiki biliklərini genişləndirmək imkanı əldə ediblər.

Təlimlər müəllimlərin peşəkar bilik və bacarıqlarının inkişafına, müasir pedaqoji metodların tədris prosesində tətbiqinə töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, proqram 2026-cı ildə Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən Təhsil İnstitutu və Gürcüstanın LEPL - Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.