BAKI, 30 sentyabr. TELEQRAF
Avqustda qızıl ilə təmin olunan qlobal birja fondlarına (ETF) 18 milyard ABŞ dolları həcmində vəsait daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat yayıb.
Bildirilib ki, bu, tarixdə dəyər ifadəsində ikinci ən böyük aylıq vəsait axınıdır. Artım əsasən Şimali Amerika və Avropada listinqdən keçmiş fondların hesabına baş verib. Şimali Amerikada tarix üzrə üçüncü ən böyük aylıq vəsait axını, Avropada isə ən böyük aylıq daxilolma qeydə alınıb.
Yeni vəsait daxilolmaları və qızılın bahalaşması nəticəsində qlobal qızıl ETF-lərinin idarə etdiyi aktivlərin ümumi dəyəri (AUM) 16% artaraq 615 milyard dollara çatıb. Fondların ümumi qızıl ehtiyatları 121 ton artaraq 4 189 tona yüksəlib ki, bu da rekord göstəricidir.
İlin əvvəlindən qlobal qızıl ETF-lərinə 29 milyard ABŞ dolları həcmində vəsait daxil olub. Bu, fondların qızıl ehtiyatlarının 160 ton artmasına bərabərdir. Sözügedən dövrdə qlobal daxilolmalara ən böyük töhfəni Asiyada listinqdən keçmiş fondlar verib, ikinci yerdə isə Avropa qərarlaşıb. Avqust ayında qeydə alınan güclü nəticə sayəsində Şimali Amerikada vəsait axını cüzi müsbətə çevrilib.