BAKI, 30 sentyabr. TELEQRAF

Baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

"İlkin araşdırma zamanı hadisənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.

AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər", - məlumatda qeyd olunub.

***

12:43

11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonu Uzuntəpə kəndinin 11 sakininin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.