BAKI, 26 sentyabr. TELEQRAF
“Vəziyyət yaxşıdır və oyuna tam hazıram. Düşünürəm ki, problem olmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Mahir Emreli Millətlər Liqasında Litvaya qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.
Tacikistanla matçın son dəqiqəsində dizindən zədə aldığını bildirən futbolçu qarşıdakı görüşdə meydana çıxmağa hazır olduğunu söyləyib.
“Sabah bizi çox önəmli oyun gözləyir, bunun fərqindəyik. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Bu gün son məşqimiz olacaq, yaxşı hazırlaşmağa çalışacağıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni qazanacağıq”, – Emreli bildirib.
Hücumçu Tacikistanla oyunda ikinci hissədə fəal çıxış etdiyini də qeyd edib: “Yaxşı təşkil olunmuş hücumlar etdik. Məşqdə hazırlaşdığımız bəzi elementləri tətbiq edə bildik. Belə məqamlar hücumçular üçün də yaxşıdır”.
Emreli Litva ilə görüşdə qol vurmaq və ya məhsuldar ötürmə etmək istədiyini vurğulayıb: “Millidə qələbədən vacib heç nə yoxdur. Qol vura, məhsuldar ötürmə edə bilsəm, əlavə motivasiya olacaq”.