BAKI, 26 sentyabr. TELEQRAF
Polşa öz ərazisində yerləşdirilən hər bir amerikalı hərbçi üçün ABŞ-yə ildə 15 000 dollar ödəməyi, həmçinin zəruri infrastruktur xərclərini qarşılamağı təklif edib.
Teleqraf xəbər verir ki, Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski bunu Vaşinqtonda "Radio Free Europe/Radio Liberty"yə (RFE/RL) verdiyi müsahibədə bildirib.
Təklif Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması ilə bağlı Varşava və Pentaqon arasındakı danışıqlar çərçivəsində müzakirə olunur.
Zalevskinin sözlərinə görə, tərəflər hazırda bu planın həyata keçirilməsi ilə bağlı variantları, o cümlədən qoşunların sayını, onların imkanlarını və potensial yerləşdirmə məntəqələrini razılaşdırırlar.
Sentyabrın 17-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Polşada ABŞ ordusunun bazasının yaradılması istiqamətində işlər irəliləyir və bazanın yerləşəcəyi məkan tezliklə elan oluna bilər. Bununla belə, daimi yerləşdirmə ilə bağlı yekun parametrlər hələ müəyyən edilməyib.