BAKI, 26 sentyabr. TELEQRAF

“Əsas məqsədimiz turnirdə birinci pilləni tutmaqdır. Hər xal, hər qol vacib olacaq. Bunların hamısına hazır olmalıyıq”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasında Litvaya qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib: “Rəqibimiz ilk oyununu oynadı, ilk qələbəsini qazandı. Son 4 oyunda rəqib eyni heyətlə mübarizə aparır. Son zamanlarda onların yaxşı mənada inkişafını gördük. Biz də istəyirik ki, tempi yüksək tutaq. Komanda hazırdır”.

Abbasov start heyətini də müəyyənləşdirdiyini qeyd edib. O, Abdulla Xaybullayevin durumunun yaxşı olduğunu və məşqlərdə düşündükləri heyətlə çalışdıqlarını söyləyib.

Baş məşqçi milli komandadakı fəaliyyətinin yeni başlamadığını vurğulayıb: “Milli komandadan olan gündən hazırıq. Biz U-21-də işə başlamışdıq. Fransa ilə oyundan öncə isə əsas millidə vəzifəyə gəldik. Yuxarı qalxmaq üçün çalışmaq lazımdır”.