BAKI, 26 sentyabr. TELEQRAF
Latviyada keçirilən NATO təlimləri zamanı dörd italiyalı hərbçi yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə Latviyanın Adaji hərbi poliqonunda odlu silahlardan istifadə ilə keçirilən təlim zamanı baş verib.
Nazirliyin açıqlamasına görə, İtaliyaya məxsus hərbi nəqliyyat vasitəsinə quraşdırılmış silahdan açılan atəş digər İtaliya hərbi maşınına dəyib. Nəticədə avtomobildə olan dörd hərbçi xəsarət alıb.
Yaralıların İtaliya ordusunun 11-ci Bersalyer alayının hərbçiləri olduğu və NATO-nun Forward Land Forces missiyasında iştirak etdikləri bildirilib.
Xəsarət alan hərbçilər poliqondan təxliyə edilərək Riqadakı xəstəxanaya çatdırılıblar.
İtaliya Müdafiə Nazirliyi hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb.