BAKI, 26 sentyabr. TELEQRAF
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmaması yekun sülh sazişinin imzalanması qarşısında əsas maneə olaraq qalır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova “Daily News Hungary” nəşrinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Ermənistan Konstitusiyasının preambulasında 1989-cu ildə Ermənistanın və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair deklarasiyaya istinad edilməsi Bakı tərəfindən ərazi iddiası kimi qiymətləndirilir:
“İlkin paraflanmış sülh sazişi iki qonşu dövlət arasında dinc yanaşı yaşama və praktiki əməkdaşlığa əsaslanan yeni münasibətlərin təməlini qoyur”.
E. Cəfərova vurğulayıb ki, Azərbaycan Ermənistanla praktiki əməkdaşlıq istiqamətində artıq konkret addımlar atıb:
“2025-ci ilin sonundan etibarən Azərbaycan birtərəfli qaydada Ermənistana müxtəlif malların və ərzaq məhsullarının, o cümlədən taxıl, benzin və dizel yanacağının tədarükünə başlayıb”.
Diplomat TRIPP multimodal bağlantı layihəsinin Azərbaycanı Naxçıvanla maneəsiz şəkildə birləşdirməklə yanaşı, Asiya ilə Avropanı yeni strateji nəqliyyat və kommunikasiya xətti vasitəsilə əlaqələndirəcəyini diqqətə çatdırıb:
“Layihə dəmir yolları, avtomobil yolları, enerji xətləri, elektrik ötürücü sistemləri və fiber-optik infrastrukturu əhatə edəcək”.
Səfir qeyd edib ki, Ermənistanın Konstitusiyasında münaqişənin irsini davam etdirən hüquqi müddəaların aradan qaldırılması da daxil olmaqla, hələ də həllini gözləyən məsələlər mövcuddur:
“Buna baxmayaraq, qalan fikir ayrılıqlarının dialoq yolu ilə həll ediləcəyinə inanmaq üçün indi əvvəlkindən daha çox əsas var”.