BAKI, 26 sentyabr. TELEQRAF
Sentyabrın 26-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda test imtahanında müvəffəqiyyət qazanmış 167 nəfər namizədlə yazılı imtahan keçirilib.
Teleqraf xəbər verir ki, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.
4 saat davam edən imtahanda hakimliyə namizədlər kazusları həll edərkən kazusun faktiki hallarına uyğun düzgün maddi hüquq normasının müəyyən edilməsi və tətbiqi, mübahisənin həlli ilə bağlı zəruri olan prosessual hüquq normalarının tətbiqi, habelə tətbiq edilən normaların məzmununu kazusun halları baxımından izahını vermək bacarıqlarını nümayiş etdirməlidirlər.
Qeyd edək ki, cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaqdır.