BAKI, 25 sentyabr. TELEQRAF
Azərbaycan Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, yaşıl inkişaf və regional bağlantılar vasitəsilə sülhü özündə birləşdirən strateji baxışı əsasında enerji, nəqliyyat, kommunikasiya və ticarət sahələrində əsas Avrasiya habı kimi rolunu gücləndirir.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
O qeyd edib ki, bu strateji baxışın əsas prioritetlərindən biri Naxçıvan da daxil olmaqla Azərbaycanın, Xəzər dənizinin, eləcə də Mərkəzi Asiyanın geniş yaşıl enerji potensialını Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirəcək şaxələndirilmiş enerji dəhlizlərinin inkişaf etdirilməsidir:
“Bu istiqamətdə həyata keçirilən layihələr artıq icra mərhələsinə daxil olur. Ümumi ötürmə gücü təxminən 4 QVt olan Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırma sənədi layihənin texniki və iqtisadi baxımdan məqsədəuyğun olduğunu təsdiqləyib.
Məqsəd 2025-ci ildə yekun investisiya qərarının qəbul edilməsi və dəhlizin 2032–2034-cü illərdən başlayaraq mərhələli şəkildə icrasına başlanılmasıdır.
Azərbaycanı Macarıstanla birləşdirəcək bu dəhliz Avropada elektrik enerjisi üzrə ötürmə sistemləri operatorlarını birləşdirən ENTSO-E-nin 10 illik Şəbəkənin İnkişaf Planının layihəsinə vahid layihə kimi daxil edilib.
Dəhlizə Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihə statusunun verilməsi üçün müraciətin yaxın günlərdə təqdim edilməsi nəzərdə tutulur.
Dəhliz tam istismara verildikdən sonra onun ildə 20 teravat-saatdan çox elektrik enerjisinin ixracına imkan yaradacağı gözlənilir. Lakin layihənin strateji əhəmiyyəti onun ötürəcəyi elektrik enerjisinin həcmindən daha genişdir. Xəzər dənizindən Avropaya qədər uzanan bu dəhliz milli enerji sistemlərini birləşdirməklə yanaşı, regional əməkdaşlığı təşviq edəcək, Avropanın enerji təchizatını şaxələndirəcək və yaşıl enerjiyə keçidi sürətləndirəcək”.