BAKI, 25 sentyabr. TELEQRAF

2026-cı ilin ilk 8 ayında isə konteyner daşımalarının həcmi 44 min TEU-ya çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz artım deməkdir.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Dəmir Yollarının (Kazakhstan Temir Zholy) İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

O bildirib ki, 2025-ci ildə “Orta Dəhliz” üzrə konteyner daşımalarının həcmi 40 min TEU-ya çatıb. Bu, 2024-cü illə müqayisədə 15 faiz artım deməkdir:

“Son üç ili nəzərə alsaq, Çin mənşəli yüklərin “Orta Dəhliz” vasitəsilə konteyner daşımaları 38 dəfə artıb. Belə artımı başqa harada görə bilərik? Bu, heyrətamiz artımdır.

Çindən gələn yük axınlarının coğrafiyası da genişlənir. Əgər əvvəllər yüklərin əsas mərkəzi Çinin mərkəzində yerləşən Sian şəhəri idisə, indi İvu, Çuntsin, Çendu, Uhan, Şençjen və Çinin bir çox digər iri şəhərləri də “Orta Dəhliz”dən istifadə etməklə yüklərini göndərirlər.

Bu vacibdir, çünki marşrutun Çinin əsas istehsal və kommersiya mərkəzlərinin logistika strategiyalarına getdikcə daha çox inteqrasiya olunduğunu göstərir.

Beynəlxalq ekspertlərin hesablamalarına görə, 2030-cu ilə qədər “Orta Dəhliz” üzrə yükdaşımaların həcmi 300 min TEU-ya çata bilər”.

Y. Koyşibayev əlavə edib ki, Qazaxıstan Azərbaycan və Gürcüstanla birlikdə marşrutun hərtərəfli qiymətləndirilməsini aparmışıq və infrastruktur, rəqəmsallaşma, tarif siyasəti və dəniz seqmentinin inkişafını əhatə edən vahid yol xəritəsi qəbul edib:

“China Railways” ilə birlikdə blok qatar xidmətlərini də inkişaf etdiririk ki, bu da çatdırılma müddətlərinin azaldılmasına kömək edir.

Hazırda Çindən Avropaya “Orta Dəhliz” vasitəsilə konteynerin daşınması 13-17 gün çəkir. Dəniz yolu ilə isə bu müddət 30-45 gündür. Məqsədimiz tranzit müddətini 10-12 gün səviyyəsində sabitləşdirməkdir.

Buna görə də marşrut boyunca sabit tariflərin müəyyənləşdirilməsi, rəqəmsal məlumat mübadiləsi və əməliyyatların sinxronlaşdırılması üzərində çalışırıq.

Bu istiqamətdə “China Railways”, “Kazakhstan Railways”, “Azerbaijan Railways” və “Georgian Railways” tərəfindən mühüm addım atılıb. Biz “Orta Dəhliz” üzrə yük axınlarını hər iki istiqamətdə koordinasiya edən birgə müəssisə – vahid operator və “vahid pəncərə” sistemi yaratmışıq. Bu sistem vahid rəqəmsal həllər, məsuliyyət və şəffaf, anlaşılan daşımaları təmin edir”.