BAKI, 16 sentyabr. TELEQRAF

Geosiyasi vəziyyət qeyri-sabit olaraq qalır.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna görə siyasi və iqtisadi baxımdan ən sabit marşrut Xəzər dənizindən keçən yol olacaq.

"Yeni qolun Türkmənistan və Azərbaycan üzərindən genişləndirilməsini müdafiə etmək istərdik", - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan yeni Çin–Mərkəzi Asiya marşrutunun Xəzər dənizi üzərindən uzadılmasını istəyir: "Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən ənənəvi Orta Dəhliz var. Lakin indi qarşımızda iki mühüm inkişaf yolu var. Bunlardan biri TRACECA və yaxud Zəngəzur dəhlizidir. Bu dəhliz tikilib istifadəyə verildikdə Orta Dəhlizin əlavə bir qolu olacaq. Bu, yalnız nəqliyyat baxımından deyil, həm də Ermənistan və Azərbaycan arasında normallaşma prosesi baxımından vacibdir. Mərkəzi Asiyada baş verən digər mühüm inkişaf isə Çin, Qırğızıstan və Özbəkistan arasında inkişaf edən yeni marşrutdur. Biz bu yeni qolun Türkmənistandan, Xəzər dənizindən keçərək Azərbaycana qədər uzadılmasını görmək istərdik. Çünki bu marşrutun İran üzərindən və digər istiqamətlərdən keçirilməsi ilə bağlı bəzi müzakirələr var".