BAKI, 15 avqust. TELEQRAF
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.
Teleqraf xatırladır ki, Azərbaycan Respublikası Prezidenti Ayaz Mütəllibovun 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" fərmanı ilə milli bankın yaradılması və Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyulub.
Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. Ona qrafik işləri ilə məşğul olan dostu Mövsüm Orucov kömək edib. Onlar manatın ilk nümunələrini hazırlatmaq üçün 1992-ci ildə Parisə getmiş və çap prosesinin texnologiyası ilə tanış olublar.
1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb.
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması tətbiq olunub.
Yeni nəsil pul nişanları
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.
Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.
Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.
Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik
Əsginazlar: 1, 5, 10, 20, 50, 100, 200, 500 manat
Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunub.