ŞAMAXI, 14 avqust. TELEQRAF
2026-cı ilin I yarımili ərzində keçirilmiş 3500-ə yaxın elektron satınalmanın məbləği 1,7 milyard manat təşkil edib.
Teleqraf-ın Şamaxıya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müavini Mirzə Mirzəyev deyib.
O bildirib ki, qeyd edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.
“Bu ilin I yarımilində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 294,3 milyon manat, qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 14,7% təşkil edib”.
M. Mirzəyev əlavə edib ki, 2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb:
“Ötən il 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 17,9% təşkil edib. Bu nəticə elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini bir daha təsdiqləyir.
Bundan əlavə, dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) funksional imkanlarının genişləndirilməsi və digər dövlət informasiya sistemləri ilə inteqrasiyası satınalma ekosisteminin daha əlçatan, operativ və səmərəliliyinə imkan yaradır. Ötən dövr ərzində Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə həyata keçirilmiş inteqrasiyalar bu istiqamətdə atılmış mühüm addımlardandır”.