BAKI, 15 avqust. TELEQRAF

ABŞ-nin Miçiqan ştatında baş verən silahlı insident nəticəsində beş nəfər ölüb, daha bir nəfər ağır yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Miçiqan Ştat Polisi məlumat yayıb.

Hadisə avqustun 14-də Missoki dairəsində baş verib. Polis yerli vaxtla saat 11:40 radələrində LaChance Road ərazisində yerləşən evdə bir nəfərin güllələnməsi barədə məlumat aldıqdan sonra hadisə yerinə yollanıb.

Polis əməkdaşları evdə üç nəfərin meyitini, daha bir nəfəri isə ağır yaralı vəziyyətdə aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Çad Hikmanın polis gələnədək ərazidən qaçdığı müəyyənləşdirilib. Onun tutulması üçün genişmiqyaslı axtarış əməliyyatına başlanılıb.

Axtarış zamanı polis başqa bir evdə dördüncü qurbanın meyitini aşkarlayıb.

Daha sonra Hikmana məxsus avtomobil Kolduell qəsəbəsində Uitlok gölü yaxınlığındakı meşəlik ərazidə tapılıb. Polis həmin ərazidə şübhəli Çad Hikmanın və daha bir nəfərin meyitini aşkarlayıb.

Beləliklə, hadisələr nəticəsində beş nəfər həyatını itirib. Şübhəli şəxsin də ölümü ilə birlikdə ölənlərin ümumi sayı altıya çatıb.

Hücumun motivi, ölən şəxslərin bir-biri ilə əlaqəsi və Hikmanın hansı şəraitdə öldüyü hələlik açıqlanmayıb.

Miçiqan Ştat Polisi hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırmanın davam etdiyini bildirib.

İlkin mənbə: Miçiqan Ştat Polisi (Michigan State Police)