ŞAMAXI, 14 avqust. TELEQRAF

2026-cı ilin birinci yarısında dövlət satınalmaları zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1144 yekun protokol ləğv edilib.

Teleqraf-ın Şamaxıya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müavini Mirzə Mirzəyev deyib.

O bildirib ki, cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib:

“Dövlət satınalmalarında çoxiştirakçılığın təmin edilməsi iqtisadi fəallığın stimullaşdırılmasına xidmət edir. Satınalma proseslərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət də satınalma sisteminin mühüm elementidir. Bu prosesdə iştirak edən hər bir tərəfin funksiyası qanunvericiliklə müəyyən edilir. Dövlət satınalan təşkilatları satınalma prosesini həyata keçirir, sahibkarlar təkliflərini təqdim edir, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə dövlət satınalmaları sisteminin tənzimlənməsi, metodoloji dəstəyin göstərilməsi, monitorinq və nəzarət funksiyalarını həyata keçirir.
Bu funksiyaların icrası çərçivəsində dövlət satınalmaları ilə bağlı müraciətlərin çevik emalı və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində də tədbirlər görülüb”.