BAKI, 15 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasına 2024-cü il prezident seçkilərində ona məğlub olan Kamala Harrisi yenidən prezidentliyə namizəd göstərməyi təklif edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Nassau dairəsində polis akademiyasında çıxışı zamanı danışıb.
ABŞ lideri xatırladıb ki, Kamala Harris keçmiş prezident Co Bayden administrasiyasında vitse-prezident olarkən, digər məsələlərlə yanaşı, sərhəd nəzarətinə də cavabdeh olub.
“Amma o, bir dəfə də sərhədə getməyib, Gömrük və Sərhəd Mühafizəsi Xidmətinə bir dəfə də zəng etməyib. Qalan məsələlərdə isə möhtəşəm işləyib”, - Tramp istehza ilə bildirib.
“O, əla namizəd idi. Düşünürəm ki, onlar onu yenidən namizəd göstərməlidirlər”, - ABŞ Prezidenti əlavə edib.
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gələrək ikinci dəfə ABŞ Prezidenti seçilib. O, ilk dəfə 2017-2021-ci illərdə Ağ Evə rəhbərlik edib.