BAKI, 11 avqust. TELEQRAF

“NATO-da Rusiyanın hücum etmək istədiyini düşünüb bu barədə qərara gəliblər və belə bir ssenarinin lehinə heç bir arqument təqdim etmədən daim bu mövzunu gündəmdə saxlayırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik yerli mediaya deyib.

Deputatın sözlərinə görə, Rusiyanın bunun üçün heç bir əsası və motivasiyası yoxdur:

“Buna nə ehtiyacımız var? Vaxtilə Vladimir Putin bu haqda belə demişdi: “Dəli olmuşunuz?”. Bizim böyük ərazimiz var, öz resurslarımız bizə kifayət edir. Ümumiyyətlə, buna ehtiyac yoxdur, motivasiya aydın deyil”.

Kolesnik Rusiyanın həll etməli olduğu öz problemlərinin olduğunu qeyd edib:

“Öz məsələlərimizi həll etmək, xüsusi hərbi əməliyyatın (Ukraynadakı müharibənin – red.) məqsədlərinə nail olmaq lazımdır. Münaqişəni onlar başladıb, indi də bütün dünyaya Rusiyanın NATO-ya hücum etmək istədiyini bəyan edirlər”.

Deputat Rusiyanın NATO ölkələrinə qarşı pul xərcləmək niyyətində olmadığını və müharibənin böyük maliyyə tələb etdiyini vurğulayıb.

“Görünür, onlar nəyisə qabaqcadan görürlər, ekstrasenslərə müraciət etsinlər”.