BAKI, 11 avqust. TELEQRAF

“Gürcüstan hakimiyyəti Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlətlər” kimi tanımağa hazırlaşır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

Eks-prezidentin sözlərinə görə, ümidsizliyə qapılan Gürcüstan cəmiyyəti Rusiya ilə müharibədə Ukraynanın qələbəsini gözləyir:

“Bu günlərdə inanılmaz dərəcədə xəyanətkar bəyanatları gözardı etməyimizin, bunun faktiki olaraq düşmən qarşısında təslim olmaq anlamına gəlməsinin səbəbi aşağıdakı amillərlə bağlıdır:

- Müxalifət, bəzi istisnalar olmaqla, fəallıq göstərmir. Çünki onların barəsində cinayət işi açılıb və həbsə düşməkdən qorxurlar, yaxud satılıblar, ya da düşünürlər ki, Gürcüstanı müdafiə etsələr, bununla özlərinə zərər verəcəklər. Bəziləri isə sadəcə çimərlikdə uzanıb, ya da xaricdə istirahət edir və nəsə deməyə vaxt tapmırlar.

- Xalqın bir hissəsi həqiqətən Rusiya təbliğatına inanır, digər hissəsi isə açıq-aşkar xain mövqedədir. Əhalinin əksəriyyəti isə apatiyaya qapılıb, Ukraynadakı müharibənin nəticəsini gözləyir. Sanki Ukraynanın qələbəsi ilə qələbə dərhal bizə hazır şəkildə təqdim olunacaq və İvanişvili öz-özünə yoxa çıxacaq. İnsanlar həmçinin müxalifətin passivliyini görür və buna görə motivasiyalarını itirirlər.

Düşmən qarşısında təslim olmağın konkret nəticələri olacaq. İvanişvili rusların tapşırığı ilə Gürcüstan ərazilərinin təslim edilməsinin rəsmi şəkildə tanınmasına hazırlaşır. Çünki bu sükut onu inandırıb ki, artıq səsini çıxaracaq kimsə olmayacaq. Halbuki əvvəllər onun qorxduğu məhz bu idi. Buna görə də o, öz dərisini xilas etmək üçün yaxın vaxtlarda Abxaziya və Sxinvalini (Cənubi Osetiya) “müstəqil dövlətlər” kimi mütləq tanıyacaq. Əvvəlcə hücum etməmək haqqında müqavilənin bağlanması, ardınca tam tanınma baş verəcək”.

Mixeil Saakaşvili Gürcüstan dövlətinin böyük təhlükə ilə üz-üzə qaldığını da iddia edib:

“Artıq Gürcüstanın mövcud olub-olmaması ilə bağlı gerisayım başlayıb, xalq və siyasətçilərin susqunluğu fonunda vəziyyət sürətlə faciəvi sonluğa doğru gedir. Həqiqətən də bizi yalnız Ukraynanın yaxınlaşmaqda olan qələbəsi xilas edə bilər. O vaxta qədər isə müqavimətimizi hansısa formada yenidən canlandıraraq çox qiymətli vaxt qazanmalıyıq”.