BAKI, 11 avqust. TELEQRAF
“Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatə Arusyak Culhakyan deyib.
“Yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Konstitusiyanın mətnindən heç nə çıxarılmayıb, çünki yeni Konstitusiya yazırıq. Konstitusiyanı götürüb oradan nəsə silməmişik və ya əlavə etməmişik, əksinə, boş vərəqlər götürüb yeni Konstitusiyanın mətnini yazmağa başlamışıq. Əsas məsələ odur ki, hər birimiz dövlətçiliyimizi gücləndirmək və ərazimizdə xalqın və dövlətimizin daimiliyini təmin etmək imperativini rəhbər tutaq”, - deputat bildirib.
Yeni Konstitusiyanın mətninin mümkün dərc edilmə tarixinə toxunan Culhakyan qeyd edib ki, hələ də müzakirələrə ehtiyac var: “Hazır, yekun və tam mətn olduğunu və Konstitusiya layihəsi kimi ictimaiyyətə təqdim olunmağa layiq olduğunu düşünən kimi dərc edəcəyik”.
Hakim fraksiyanın üzvü yekun layihənin ilin sonuna qədər dərc oluna biləcəyini istisna etmədiyini vurğulayıb.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmaması sülh sazişinin imzalanması üçün Azərbaycanın son tələbidir. Sözügedən bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır.