BAKI, 11 avqust. TELEQRAF

2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına attestatlar ilk dəfə elektron formatda təqdim olunur. 2026-cı il məzunları elektron attestatları artıq myGov platformasından əldə edə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənən sənədlər myGov platformasına yerləşdirilib.

Məzunlar attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarının təhsil sənədlərinə müvafiq bölmə vasitəsilə baxa bilərlər.

Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənəd nömrəsi və doğum tarixini daxil etməklə onun həqiqiliyini yoxlamaq mümkündür.

Elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması nəzərdə tutulur.

Yeni sistem məzunlara təhsil sənədlərini daha operativ və rahat şəkildə əldə etmək imkanı verir.