BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan nəqliyyat, logistika və dəmir yolu infrastrukturunu genişləndirir, multimodal əlaqəliliyi inkişaf etdirir.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu, gündəmin mühüm elementlərindən biri də Zəngəzur dəhlizidir:
“Bu dəhliz Orta Dəhlizi daha da gücləndirəcək və Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiya-Sakit okean bazarlarını birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu artıracaq. İlkin mərhələdə onun yükdaşıma potensialı təxminən 15 milyon ton həcmində qiymətləndirilir. Lakin məsələ yalnız fiziki yüklərin daşınması ilə məhdudlaşmır. Burada həm də böyük potensial var - günəş, külək və hidro kimi bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Mərkəzi Asiya və Cənubi Qafqazdan Avropa enerji bazarlarına ötürülməsi üçün infrastruktur layihələri həyata keçirilə bilər”.
Nazir müavini bildirib ki, planlara əsasən, 2030-cu ilə qədər ölkədə ümumi gücü 6 giqavat olan külək və günəş elektrik stansiyaları layihələri həyata keçiriləcək:
“Bu göstəricinin 2032-ci ilə qədər 8 giqavata çatdırılması nəzərdə tutulur.
Artıq bir sıra layihələr start götürüb və eyni zamanda enerji saxlama həlləri üzərində də iş aparılır.
Paralel olaraq, Azərbaycan regionda yaşıl enerji bağlantılarının genişləndirilməsini təşviq edir və Cənubi Qafqazı və daha geniş Xəzər regionunu Avropa enerji bazarları ilə birləşdirəcək Qara dəniz və Xəzər Yaşıl Enerji Kabeli layihəsi kimi təşəbbüslərdə iştirak edir.
Bu təşəbbüslər yalnız bərpa olunan enerji istehsalı sahəsində deyil, həm də ötürücü infrastruktur, avadanlıq istehsalı, mühəndislik, sənaye zonaları və əlaqəli təchizat zəncirlərində mühüm imkanlar yaradır.
Azərbaycanın beynəlxalq ticarət yollarının kəsişməsində yerləşməsi istehsal, logistika, anbarlama, emal, ticarət xidmətləri və regional dəyər zəncirlərinə investisiya üçün geniş imkanlar yaradır”.