Azərbaycan ardıcıl olaraq iqtisadiyyatın açıqlığı və sahibkarlıq təşəbbüslərinin stimullaşdırılması siyasəti həyata keçirir. Son iyirmi il ərzində ölkəmizin iqtisadiyyatına 350 milyard dollardan çox investisiya qoyulub, bunun da demək olar ki, yarısı xarici investisiyaların payına düşür.
Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə investorların hüquqlarının etibarlı qorunmasını, investisiyaların toxunulmazlığına təminatı, kapitalın sərbəst hərəkətini və bütün bazar iştirakçıları üçün bərabər şəraiti təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb.
"Azərbaycanın mühüm rəqabət üstünlüklərindən biri də onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir", - deyə Baş nazir əlavə edib.
Onun sözlərinə görə, ardıcıl olaraq icra edilən infrastruktur layihələri Azərbaycanı regionun ən mühüm nəqliyyat-loqistika qovşaqlarından birinə çevirib.
"Bu gün Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir və avtomobil magistrallarının inkişafına böyük resurslar yatırmağa davam edir, bununla da regional əlaqələrin güclənməsinə və biznes üçün imkanların genişlənməsinə töhfə verir. Az əhəmiyyətli olmayan digər bir perspektivli istiqamət isə yaşıl enerjinin inkişafıdır. Azərbaycan milli enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması ilə bağlı qarşısına iddialı hədəflər qoyub. Günəş və külək enerjisi sahəsində irimiqyaslı layihələr həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb olunur və investorlar üçün yeni imkanlar yaradılır".
Əli Əsədov vurğulayıb ki, bu gün qlobal iqtisadiyyatın transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir:
"Bu kontekstdə maliyyə resurslarının effektiv birləşdirilməsini və strateji əhəmiyyətli layihələrin icrası üçün əlverişli şəraitin yaradılmasını təmin edən birgə investisiya fondları mühüm alət rolunu oynayır. Bu yanaşmadan çıxış edərək, Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl olaraq inkişaf etdirir. Xüsusilə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan ilə təsis edilmiş birgə investisiya fondları artıq bu gün iqtisadi tərəfdaşlığın dərinləşməsi və perspektivli sahələrə investisiyaların cəlb edilməsi üçün effektiv mexanizm rolunu oynayır.
Əminliyimi bildirmək istərdim ki, səylərin birləşdirilməsi və investisiya əməkdaşlığının daha da gücləndirilməsi dövlətlərimizin dayanıqlı inkişafı və tərəqqisi üzrə ümumi hədəflərə nail olmağa imkan verəcək".