BAKI, 14 aprel. TELEQRAF
İran ətrafında baş verən münaqişədən sonra dünya bazarında yanacaq və gübrə qiymətləri uzun müddət yüksək səviyyədə qalacaq.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Beynəlxalq Enerji Agentliyinin birgə bəyanatında qeyd olunub.
Məlumata görə, vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır və Hörmüz boğazı vasitəsilə daşımalar tam bərpa olunmayıb. Bildirilir ki, daşımalar bərpa olunsa belə, əsas xammal ehtiyatlarının münaqişədən əvvəlki səviyyəyə qayıtması üçün vaxt tələb olunacaq.
Qeyd olunur ki, infrastruktura dəyən ziyan səbəbindən yanacaq və gübrə qiymətləri uzun müddət yüksək qala bilər.
Hesabatda vurğulanır ki, bu vəziyyət enerji resursları və ərzaq bazarına mənfi təsir göstərəcək.
Bundan əlavə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı xammal və enerji təchizatında yaranan fasilələrdən ən çox zərər görmüş ölkələrə maliyyə dəstəyi göstərməyə hazır olduqlarını bəyan ediblər.