BAKI, 19 fevral. TELEQRAF

2026-cı ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 31 milyon manat vəsait daxil olub, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manata yaxın və ya 27% artım təmin olunub.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, 2026-cı ilin yanvar ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 29 nəqliyyat vasitəsi özəlləşdirilib.

Yanvarda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 26,1 milyon manat təşkil edib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manata yaxın və ya 23% artım deməkdir.

Dövlət Xidməti tərəfindən bu ilin yanvar ayı ərzində 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi üzrə olmaqla 456 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 4,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir.