BAKI, 18 fevral. TELEQRAF

Kuba xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-nin Kubaya neft tədarük edən ölkələrə qarşı rüsum tətbiq etmək niyyətini bütün dövlətlər üçün böyük çağırış kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, ABŞ hökumətinin yanvarın 29-da qəbul etdiyi və guya milli təhlükəsizliyə təhdid olduğu barədə əsassız iddiaya söykənən bu tədbir, Kubaya yanacaq ixrac edən ölkələrə qarşı cəriməedici rüsumların tətbiqi ilə hədələnməkdən ibarətdir və bu, bütün dövlətlər üçün böyük miqyaslı çağırışdır. Rodriqes Parrilya bildirib ki, bu cür niyyətlər hər bir ölkənin öz milli sərvəti sayılan məhsulu ixrac edib-etməmək və hara ixrac etmək barədə suveren hüququnun absurd bəhanələrlə məhdudlaşdırılmasına bərabərdir.

Kuba XİN rəhbəri sual edib ki, ABŞ Kubaya qarşı aqressiv siyasətdə hansı həddə qədər gedə bilər və bir gün ABŞ-nin hər hansı bazarda ABŞ ilə rəqabət yaradan istənilən ölkədən soya, qarğıdalı, qrafit, avtomobil, təyyarə və ya digər məhsulların idxalına görə də rüsum tətbiq etməsini istisna etmək olarmı.

Xatırladaq ki, yanvarın 29-da ABŞ-də imzalanmış fərmana əsasən, Vaşinqton Kubaya neft tədarük edən dövlətlərdən idxal olunan mallara rüsum tətbiq edə bilər. Həmin sənədə uyğun olaraq, guya Kubadan qaynaqlanan təhdid səbəbilə ABŞ-də formal olaraq fövqəladə vəziyyət rejimi də tətbiq edilib. Rodriqes Parrilya bu tədbirləri qətiyyətlə pisləyərək bildirib ki, onlar ada dövlətini yanacaq tədarükünün total blokadası ilə hədələyir, beynəlxalq ticarətin bütün prinsiplərini pozur və Kuba xalqının həyatı üçün ekstremal şərait yaradır.

Eyni zamanda, Vaşinqtonda Kubanın ətrafındakı vəziyyətlə bağlı Havana rəhbərliyi ilə təmasların davam etdiyi və tərəflərin razılaşmaya yaxın olduğu da bildirilib.