BAKI, 17 fevral. TELEQRAF

Aqrar sahədə bir sıra tədbirlərin həyata keçirilməsi məqsədilə vəsait nəzərdə tutulsa da, hədəflər müəyyən edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" rüblük bülletenində qeyd olunub.

2025 və 2027-ci illər üçün Azərbaycanda qızılbalıqkimilərin süni artırılması, təbii populyasiyasının bərpası və qorunması üzrə müvafiq olaraq 97,3 min manat və 214,2 min manat vəsait proqnozlaşdırılsa da, “Buraxılmış qızılbalıq körpələrin sayı” indikatoru üzrə hədəf göstərilməyib.

Palatadan bildirilib ki, bəzi tədbirlər üzrə müəyyən edilən indikatorlar və proqnozlaşdırılan vəsait arasında uyğunsuzluqlar var:

"Məsələn, 2025-ci il üçün 305,8 min ton olması gözlənilən pambıq istehsalı 2026-cı il üçün 1400 ton artımla proqnoz edilsə də, veriləcək subsidiya məbləği 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 3,2 milyon manat az olmaqla 2026-cı il üçün 58,8 milyon manat proqnozlaşdırılıb. İstehsal fəaliyyəti dayandırılan və özəlləşdirməyə açıq balıqartırma zavodlarının saxlanılması xərcinin 2026-cı ildə 6 dəfə artırılaraq 394,8 min manat olacağı proqnozlaşdırılıb, özəlləşdiriləcək zavodların sayı indikator kimi verilsə də, 2026-cı ilə bu indikator üzrə say göstərilməyib, 2027-ci il üçün yalnız 1 müəssisənin özəlləşdirilməsi müəyyən edilib".