BAKI, 17 fevral. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarından istilik mövsümünün əvvəlindən bu günədək 54,5 milyard kubmetr qaz çıxarılıb ki, bu da yayda vurulan həcmin 99,9%-nə bərabərdir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Bildirilib ki, hazırda anbarlarda ümumi yanacaq həcmi təxminən 37 milyard kubmetrdir.

Assosiasiyanın məlumatına görə, Niderlandın yeraltı qaz anbarlarında ehtiyatlar 15%-dən aşağı düşərək fevral ayının ortası üçün tarixi minimuma enib. Ölkənin anbarlarında ehtiyatlar 14,91% təşkil edib.

Almaniyanın anbarları 23,5%, Avstriyanın 39,5%, Fransanın 24%, İtaliyanın 50,9% doludur. Slovakiyada ehtiyatlar 33,3%, Macarıstanda 39%, Çexiyada 36,9%, Rumıniyada 41,9%, Bolqarıstanda 46,8%, Belçikada 24,7%, Danimarkada 30,3%, Latviyada 22,5%, Xorvatiyada isə 15,2% səviyyəsindədir.

Yanvarda Avropada elektrik enerjisi istehsalında külək enerjisinin payı orta hesabla 19%, fevralda isə 20% olub. Avropada fevral ayı üzrə qazın orta alış qiyməti 1 min kubmetr üçün 407 dollar təşkil edib. Yanvarda bu göstərici 415 dollar olub.

Qeyd edək ki, ötən mövsüm 2025-ci ilin martın 28-də başa çatıb. Həmin vaxt ehtiyatlar 33,57% təşkil edirdi. Hazırda anbarlar 33.54% doludur. Bir il əvvəl bu göstərici 44,6% təşkil edirdi.