BAKI, 17 fevral. TELEQRAF

2025-ci ildə vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,5 milyon manat vəsait ödənilməsi təmin edilib.

Dövlət Vergi Xidmətindən (DVX) Teleqraf-a verilən məlumata görə, 2025-ci ildə ibtidai istintaqı tamamlanmış cinayət işləri, o cümlədən cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 156 milyon manat, icraatı davam edən cinayət işləri və materiallar üzrə isə 56,9 milyon manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Ötən il ərzində vurulmuş ziyanın ödənilməsi ilə 37 cinayət işinin icraatına xitam verilib. 77 material üzrə cinayət işinin başlanılması rədd edilib.

2025-ci il ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 60 vergi ödəyicisinə məxsus 75 obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. 38 vergi ödəyicisinə məxsus 43 obyektdə ümumilikdə 196 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunub. Həmin şəxslərin əmək hüquqları bərpa edilib və aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 398,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.