BAKI, 17 fevral. TELEQRAF
Böyük Britaniyanın aparıcı banklarının rəhbərləri ABŞ-nin "Visa" və "Mastercard" ödəniş sistemlərinə milli alternativin yaradılması məsələsini müzakirə etmək üçün ilk iclaslarını keçirəcəklər.
Teleqraf xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, görüş fevralın 19-na planlaşdırılıb. Müzakirələrə səbəb ABŞ Prezidenti Donald Tramp administrasiyasının Britaniyanı bu ödəniş sistemlərinə çıxışdan məhrum edə biləcəyi ilə bağlı artan narahatlıqlardır. Toplantıya Böyük Britaniyada “Barclays” bankının rəhbəri Vim Maru sədrlik edəcək. Qəzet yazır ki, təşəbbüsün reallaşdırılması London Sitisi şirkətləri tərəfindən, hökumətin dəstəyi ilə maliyyələşdirilməlidir.
Məqalədə qeyd olunur ki, Britaniyada milli ödəniş sisteminin yaradılması ilə bağlı söhbətlər artıq bir neçə ildir davam edir. Lakin ABŞ liderinin Qrenlandiya məsələsi ilə əlaqədar NATO müttəfiqlərinə yönələn son təhdidləri “Amerika şirkətlərindən həddən artıq asılılığın Böyük Britaniyada ödəniş sistemlərini və ümumilikdə iqtisadiyyatı risk altına sala biləcəyi” ilə bağlı narahatlığı daha da gücləndirib. Qəzetin məlumatına görə, 2025-ci ildə ölkədə həyata keçirilən ödənişlərin 95%-i "Visa" və "Mastercard"ın payına düşüb.
“Əgər "Visa" və "Mastercard" söndürülərsə, bu bizi 1950-ci illərə qaytarar. Əlbəttə ki, bizə suveren ödəniş sistemi lazımdır”, - deyə nəşr maliyyə rəhbərlərindən birinin sözlərini sitat gətirir.
"The Guardian" yazır ki, yeni sistem 2030-cu ilə qədər istifadəyə verilə bilər.
Qeyd olunur ki, oxşar narahatlıqlar Avropa İttifaqı rəhbərləri arasında da mövcuddur. Avropa Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə avrozonada kart əməliyyatlarının təxminən üçdə ikisi "Visa" və "Mastercard"ın payına düşüb və 13 ölkədə bu sistemlərə milli alternativ olmayıb.
"Financial Times" qəzetinin yazdığına görə, nağdsız ödənişlərin azalması fonunda Avropa rəsmiləri ABŞ texnologiyalarından asılılığın münasibətlər pisləşəcəyi halda təzyiq alətinə çevrilə biləcəyindən narahatdırlar.