BAKI, 13 fevral. TELEQRAF

Rusiya Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq illik 16 faizdən 15,5 faizə endirib.

Teleqraf xəbər verir ki, Rusiya Bankı yanvarda qiymət artımının birdəfəlik amillərin təsiri ilə əhəmiyyətli dərəcədə sürətlənməsinə baxmayaraq, uçot dərəcəsini azaltmağa qərarı verib.

Tənzimləyicinin açıqlamasında bildirilir ki, cari qiymət artımının dayanıqlı göstəriciləri ciddi dəyişməyib və birdəfəlik amillərin təsiri aradan qalxdıqdan sonra inflyasiya yenidən azalacaq.

2025-ci ilin yekunlarına görə, Rusiyada inflyasiya 5,6%, uçot dərəcəsinin illik orta göstəricisi isə 19,2% olub. Yanvardakı sürətlənmə fonunda bu il fevralın 9-na olan vəziyyətə görə qiymət artımı 6,3 faizə çatıb. Lakin Mərkəzi Bankın proqnozuna əsasən, 2026-cı ilin ikinci yarısında dayanıqlı inflyasiya 4 faizə yaxın formalaşacaq, illik inflyasiya isə 5,5 faizi keçməyəcək. 2027-ci ildə və sonrakı dövrlərdə qiymət artımının hədəf göstərici olan 4 faizi ötməyəcəyi gözlənilir.