BAKI, 13 fevral. TELEQRAF
Rusiya Avropa İttifaqının ümumi qaz idxalında ABŞ və Əlcəzairdən sonra üçüncü yeri tutub.
Teleqraf xəbər verir ki, Bu barədə Aİ-nin statistika qurumu “Eurostat”ın məlumatlarında qeyd olunub.
Məlumata görə, Rusiyanın Aİ-nin qaz idxalındakı payı 16,2% təşkil edib.
Avropa İttifaqı 2025-ci ildə Rusiyadan təxminən 13,2 milyard avro dəyərində qaz alıb ki, bu da 2024-cü illə müqayisədə 13% azdır. Bir il əvvəl Rusiyanın Aİ-nin qaz idxalındakı payı 20,5% olub.
Hesabata görə, ABŞ mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə Avropanın idxalında birinci yerdə qərarlaşıb. ABŞ-nin payı 29,6%, tədarükün dəyəri isə 24,2 milyard avro olub. İkinci yeri 16,3% pay və 13,3 milyard avroluq ixracla Əlcəzair tutub.
Dördüncü yerdə 12% pay və 9,8 milyard avroluq göstərici ilə Norveç qərarlaşıb. İlk beşliyi isə 6,3% pay və 5,2 milyard avroluq tədarüklə Böyük Britaniya tamamlayıb.