BAKI, 13 fevral. TELEQRAF

“Midad Energy” “Lukoyl”un aktivlərinin alınması üzrə niyyət protokolu imzalayıb.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyi üç məlumatlı mənbəyə istinadən Səudiyyə Ərəbistanının “Midad Energy” şirkətinin “Lukoyl”un beynəlxalq aktivlərinin alınması ilə bağlı niyyət protokolu imzaladığını bildirib.

Mənbələrin sözlərinə görə, sənəd yanvar ayında imzalanıb və satışa çıxarılan bütün aktivləri əhatə edir. Bildirilir ki, “Midad Energy” tənzimləyici qurumların, o cümlədən ABŞ-nin təsdiqi alınanadək əməliyyat üçün vəsaiti eskrou hesabında yerləşdirib. Məbləğ açıqlanmayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, “Midad” zəruri normativ tələblərə əməl olunmasını təmin etmək üzərində işləyir və müraciət strateji əhəmiyyətli addım kimi qiymətləndirilir. Həm “Lukoyl”, həm də “Midad Energy” məlumatı şərh etməyib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya “Lukoyl”u sanksiya siyahılarına daxil etmişdi. Bundan sonra Rusiya şirkəti beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlamış və beynəlxalq neft treyderi “Gunvor” “Lukoyl International GmbH”nin alınması ilə bağlı təklif irəli sürmüşdü. Lakin daha sonra ABŞ Maliyyə Nazirliyinin Ukrayna münaqişəsi bitənədək “Gunvor”a biznes aparmağa və mənfəət əldə etməyə imkan verən lisenziya verməyəcəyini bildirməsindən sonra şirkət təklifini geri götürmüşdü.