BAKI, 12 fevral. TELEQRAF
2025-ci ildə Azərbaycanda qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 628,2 milyon dollar təşkil edib və 2024-cü ilə nisbətən faktiki qiymətlərlə 8,1 faiz artıb, real ifadədə isə 18,1 faiz azalıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə xam şəkər idxalı 24,2 faiz, unlu qənnadı məmulatları – 0,3 faiz, mal əti – 12,9 faiz, təzə tərəvəz – 29 faiz, siqaretlər – 3 dəfə, minik avtomobilləri – 38,1 faiz, avtobuslar – 2,2 dəfə, mineral gübrələr – 6,8 faiz, polietilen – 20,7 faiz, məişət kondisionerləri – 10,3 faiz, polipropilen – 3,1 faiz, qara metallardan künclüklər – 5,9 faiz, məişət soyuducuları – 10,3 faiz artıb.
Ötən il buğda idxalı isə 1,9 faiz, bitki yağları – 18,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,9 faiz, təzə meyvə – 13,1 faiz, şokolad və şokolad məhsulları – 4,2 faiz, çay – 6,4 faiz, kartof – 5,6 faiz, quş əti və onun əlavə məhsulları – 31,6 faiz, dərman vasitələri – 14,9 faiz, polad prokatı – 3,2 faiz, qara metallardan borular – 7,5 faiz, hesablama maşınları, blok və qurğuları – 9,1 faiz, ayaqqabılar – 2,2 faiz, rezin şinlər – 5,7 faiz, yük avtomobilləri – 3,2 faiz, sintetik yuyucu vasitələr – 7,3 faiz, qara metallardan çubuqlar – 18 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, sement – 19,7 faiz azalıb.
2025-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, təzə tərəvəz – 18 faiz, şəkər – 67,6 faiz, siqaretlər – 38,4 faiz, kartof – 47,8 faiz, bitki yağları – 25 faiz, polipropilen – 0,8 faiz, emal olunmamış alüminium – 87 faiz, polietilen – 12,7 faiz, sement klinkerləri – 11,5 faiz, pambıq ipliyi – 30,5 faiz artıb, tütün ixracı isə 30,9 faiz, meyvə və tərəvəz şirələri – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 16,4 faiz, çay – 2,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 34,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,8 faiz, mineral gübrələr – 3,8 faiz, pambıq lifi – 8 faiz, elektrik enerjisi – 29,8 faiz, qara metallardan borular – 11,3 faiz, qara metallardan çubuqlar – 36,1 faiz, bentonit gili – 15,1 faiz azalıb.
2025-ci ildə Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,5 faiz), Gürcüstana (9,6 faiz), İsveçrəyə (9,6 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,2 faiz), Özbəkistana (2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,7 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.