BAKI, 12 fevral. TELEQRAF

2025-ci ildə Azərbaycanda 128 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal reallaşdırılıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb, real ifadədə isə 8,6 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 8,7 faiz azalıb.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48 milyard 905,8 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 24 milyard 526,1 milyon dollarını və ya 50,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 24 milyard 379,7 milyon dollarını (49,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 146,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 24 faizi İtaliya, 11,6 faizi Türkiyə, 10 faizi Rusiya, 9,9 faizi Çin, 3,6 faizi İsveçrə, 3,1 faizi ABŞ, 2,8 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Avstraliya, Gürcüstan və Yunanıstan, 1,7 faizi Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Çexiya və Özbəkistan, hər biri 1,4 faiz olmaqla Rumıniya, Xorvatiya və Qazaxıstan, 1,3 faizi İran, 1 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqla Portuqaliya və Belarus, hər biri 0,8 faiz olmaqla Fransa və Hindistan, 12,5 faizi isə digər ölkələr ilə aparılan ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 19,6 faizi Çin, 15,3 faizi Rusiya, 9,6 faizi Türkiyə, 6,1 faizi ABŞ, 5,3 faizi İsveçrə, 3,7 faizi Avstraliya, 3,4 faizi Almaniya, 3,3 faizi Birləşmiş Krallıq, 2,9 faizi Özbəkistan, 2,6 faizi İran, 2,4 faizi Qazaxıstan, 2,1 faizi İtaliya, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, hər biri 1,3 faiz olmaqla Koreya, Braziliya və Meksika, hər biri 1,2 faiz olmaqla Kanada, Ukrayna və Cənubi Afrika Respublikası, 1,1 faizi Fransa, 0,9 faizi Hindistan, 11,4 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.

İxracın 45,3 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,3 faizini Yunanıstana, 3,2 faizini Bolqarıstana, 3 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Xorvatiyaya, 2,5 faizini Rumıniyaya, 2,2 faizini Almaniyaya, 1,9 faizini İsveçrəyə, 1,7 faizini Portuqaliyaya, 1,4 faizini Birləşmiş Krallığa, 1,2 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Tunis və Ukraynaya, 0,8 faizini Niderlanda, 0,7 faizini Hindistana, 0,6 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla Suriya, Serbiya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstana, 4,2 faizini isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib.