BAKI, 11 fevral. TELEQRAF
Dövlət Statistika Komitəsinin yeni təyin edilən sədri Azər Mursaqulov Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov tərəfindən Komitənin kollektivinə təqdim edilib.
Komitədən Teleqraf-a verilən məlumata görə, təqdimat zamanı çıxış edən Xalid Əhədov Dövlət Statistika Komitəsinin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayıb, dünyada baş verən proseslərin, rəqəmsallaşmanın ölkənin sosial-iqtisadi və digər sahələrinə təsiri fonunda dövlət qurumlarının, eyni zamanda Komitənin də qarşısında duran yeni vəzifələrdən bəhs edib. Xalid Əhədov bu vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Dövlət Statistika Komitəsinin sədri qeyd edib ki, Komitə qarşısında qoyulan hədəflərin layiqincə icrası, innovativ yanaşmaların tətbiqi, data əsaslı qərarların qəbulu üçün statistika sahəsinin davamlı inkişafı və ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə verəcək islahatların ardıcıl şəkildə həyata keçirilməsi istiqamətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bilik, təcrübə və səylərini səfərbər edərək əzmlə çalışacaqlar.