BAKI, 3 noyabr. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin Sənaye və Qabaqcıl Texnologiyalar Nazirliyi ilə İqtisadiyyat Nazirliyi və ADNOC-un arasında yeni əməkdaşlıq razılaşması imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında qeyd edib.

Nazir bildirib ki, razılaşma qaz hasilatı sahəsində əməkdaşlıq edən Dövlət Neft Şirkəti (SOCAR) və XRG arasında tərəfdaşlığı enerji təchizatının şaxələndirilməsi istiqamətində genişləndirəcək.

"Sənəd Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin enerji infrastrukturuna investisiyanın cəlb edilməsi, gəlirlərin şaxələndirilməsi və etibarlı tərəfdaş kimi rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir," - Mikayıl Cabbarov əlavə edib.