BAKI, 3 noyabr. TELEQRAF
Azərbaycan-Qırğız İnkişaf Fondu ümumi dəyəri 52,7 milyon ABŞ dolları olan 4 investisiya layihəsinə 14,4 milyon ABŞ dolları həcmində maliyyə ayırıb.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bunlar 9 MVt gücündə “Tyup HES” kiçik su elektrik stansiyası, “Tanar Group” sosial yaşayış kompleksi daxilində çoxfunksiyalı mərkəz, “KG Tex” 300 iş yerlik tikiş fabriki və “Orion Grand” kovrolin istehsalı zavodu layihələridir.
Azərbaycan–Qırğız İnkişaf Fondu iki ölkə arasında dostluq və iqtisadi tərəfdaşlığın inkişafında mühüm alət kimi çıxış edir. Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. 2024-cü il 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış əlavə sazişə əsasən, Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarına qədər artırılması nəzərdə tutulur.