BAKI, 13 oktyabr. TELEQRAF

OPEC+ qrupunun hasilatı artırması nəticəsində gələn il dünyada neft təklifi tələblə, demək olar ki, eyni səviyyədə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə OPEC-in hesabatında qeyd edilib.

Təşkilat dünya iqtisadiyyatının sabit artım nümayiş etdirdiyini bildirib və qlobal neft tələbinin 2025-ci ildə gündəlik 1,3 milyon barrel, 2026-cı ildə isə bir qədər daha sürətli artacağını proqnozlaşdırıb.

OPEC+, hasilat ixtisarlarını əvvəlcədən planlaşdırılandan daha sürətlə azaltmaq qərarına gəldikdən sonra bazara əlavə neft çıxarıb. Bu isə artıqlıq risklərini artıraraq qiymətlərə təzyiq göstərib.

Hesabatda qeyd olunur ki, ABŞ və Yaponiyada artım göstəricilərinin artım yönündə yenilənməsi, həmçinin Hindistan və Çindən gələn güclü iqtisadi məlumatlar sabit qlobal artım perspektivini möhkəmləndirir.

Sentyabrda OPEC+ ölkələri hasilatı gündəlik 630 min barrel artıraraq 43,05 milyon barrelə çatdırıb. Proqnoza əsasən, 2026-cı ildə OPEC+ neftinə tələbat gündəlik 43,1 milyon barrel olacaq və bu da hasilat səviyyəsi dəyişməz qalarsa, bazarda cüzi – 50 min barrel çatışmazlıq yaradacaq.

Ötən aykı hesabatda bu fərq 700 min barrel kimi qiymətləndirilmişdi.