BAKI, 23 aprel. TELEQRAF
Rusiyalı iş adamı Roman Abramoviç Böyük Britaniyada aktivlərinin dondurulması ilə bağlı qərarın qanunsuz sayılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti iş adamının vəkillərinə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət “Çelsi” futbol klubunun satışından əldə edilən gəlirlər də daxil olmaqla maliyyə vəsaitlərinin bloklanmasından gedir.
Abramoviçin nümayəndəsi qeyd edib ki, Cersi adasının hakimiyyət orqanları tərəfindən aparılan maliyyə araşdırması bir neçə ildir davam etsə də, bu müddət ərzində rəsmi ittiham irəli sürülməyib. Müdafiə tərəfi bu prosesi qeyri-şəffaf və siyasi motivli hesab edir.
İddiada vurğulanır ki, Böyük Britaniya hökuməti Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu təmin edən maddəsini pozduğuna görə cavabdeh kimi çıxış edəcək.