BAKI, 23 aprel. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) naziri Con Felanın istefasına Pentaqon rəhbərliyi ilə uzun müddət davam edən gərgin münasibətlər səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ müdafiə naziri Pit Heqset və onun birinci müavini Stiven Faynberq Felanın prezident Donald Trampla yaxın münasibətlərindən narazı olub. Bildirilir ki, Felan tez-tez Trampın Florida ştatının Palm-Biç şəhərində yerləşən Mar-a-Laqo iqamətgahında onunla görüşüb, hətta gecə saatlarında gəmiqayırma məsələlərini müzakirə edib.

Qeyd olunur ki, 2025-ci ilin payızında Felanın yeni döyüş gəmisinin inşası ilə bağlı təşəbbüsü birbaşa Trampa təqdim etməsi və bunu Pentaqon rəhbərliyindən yan keçərək etməsi əlavə narazılıq yaradıb.

Xatırladaq ki, daha əvvəl Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell Con Felanın vəzifəsindən ayrıldığını açıqlamışdı.

Bildirək ki, Felan 2025-ci il martın 25-də ABŞ Senatı tərəfindən HDQ naziri vəzifəsinə təsdiqlənmişdi.