BAKI, 13 oktyabr. TELEQRAF

"Rusiya, Azərbaycan və İran arasında ümumi, maneəsiz logistika sisteminin yaradılması istiqamətində işlər aktivləşib. Bu, Barens və Baltik dənizlərindən Fars Körfəzinə qədər geniş bir ərazini əhatə edəcək".

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, enerji və gömrük sahəsində əməkdaşlığı mövzusunda keçirilən üçtərəfli görüşdə bildirib.

“Gələcəkdə maneəsiz logistika və harmonizə olunmuş qaydalar əsasında ortaq ticarət bazarının yaradılması istiqamətində işlər planlaşdırırıq. Rusiya ilə Azərbaycan, Rusiya ilə İran, həmçinin İran ilə Azərbaycan arasında sürətlə inkişaf edən əlaqələr regionda nəqliyyat əlaqələrinin genişlənməsi və Barens, Baltik dənizlərindən Fars Körfəzinə qədər fasiləsiz logistikanın təmin olunması istiqamətində koordinasiyalı fəaliyyətin artırılmasına zəmin yaradır”, – deyə o bildirib.

Baş nazir müavini əlavə edib ki, bu təşəbbüs sayəsində üç ölkənin məhsul istehsalçıları, ixracatçıları və idxalçıları üçün rəqabətqabiliyyətli şərait yaradılır:

“Bu iş nəticəsində iqtisadiyyatlarımız əlavə imkanlar qazanır, yeni iş yerləri açılır, gəlirlər artır və insanların həyat səviyyəsi yaxşılaşacaqı”, – deyə Overçuk vurğulayıb.